“Sahibə Qafarovanın Serbiya səfəri Azərbaycanın Balkanlardakı mövqeyini gücləndirəcək”-ŞƏRH
Milli Məclisin sədri Sahibə Qafarova Serbiyaya səfər edəcək.
Balkan bürosunun verdiyi məlumata görə, o, Qoşulmama Hərəkatının Serbiyanın paytaxtı Belqrad şəhərində 31 avqust - 1 sentyabr tarixlərində keçiriləcək konfransında Azərbaycanı təmsil edəcək.
Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın Serbiyaya səfəri Azərbaycanın Qoşulmama Hərəkatındakı fəal mövqeyinin parlament diplomatiyası səviyyəsində davam etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır:
“Belqrad konfransı Azərbaycanın suverenlik, ərazi bütövlüyü, dövlətlərin daxili işlərinə qarışmamaq və beynəlxalq münasibətlərdə ikili standartlardan imtina edilməsi ilə bağlı mövqeyini yenidən diqqətə çatdırması üçün əlverişli platformadır. Azərbaycan nümayəndə heyəti burada həmçinin inkişaf etməkdə olan ölkələrin maraqlarının qorunması, çoxtərəfliliyin gücləndirilməsi və qlobal problemlərin dialoq yolu ilə həllinə dair təşəbbüslərini təqdim edə bilər”.
Politoloq qeyd edib ki, səfər Azərbaycan–Serbiya münasibətlərinin siyasi və parlamentlərarası istiqamətlərdə daha da möhkəmlənməsinə də şərait yaradacaq:
“Bakı ilə Belqrad arasında qarşılıqlı etimada əsaslanan münasibətlər mövcuddur və hər iki ölkə bir-birinin suverenliyini və ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyir. Sahibə Qafarovanın Serbiya rəsmiləri ilə mümkün görüşləri enerji, nəqliyyat, investisiya və humanitar əməkdaşlıq imkanlarının müzakirəsinə təkan verə bilər. Beləliklə, səfər yalnız beynəlxalq konfransda iştirak deyil, həm də ikitərəfli əlaqələrin genişləndirilməsi və Azərbaycanın Balkan regionundakı siyasi mövqeyinin gücləndirilməsi baxımından əhəmiyyətlidir”.
Nuray Əliyeva