Şahin Mustafayev Ermənistana səfər edib
Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edib.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, yüksək səviyyəli qarşılıqlı səfərlər Azərbaycan-Ermənistan münasibətlərində etimadın artdığını göstərir:
“Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev səviyyəsində yüksək rütbəli nümayəndə heyətinin Ermənistana səfəri yalnız iki ölkə arasında deyil, ümumiyyətlə, Cənubi Qafqaz dövlətləri arasında münasibətlərin yeni mərhələyə keçirilməsi baxımından böyük önəm daşıyır. Bu səfərin nəticələri yaxın gələcəkdə Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunmasında xüsusi rol oynaya bilər. Çünki artıq hər iki ölkənin yüksək rütbəli təmsilçiləri qarşılıqlı səfərlər mərhələsinə keçid ediblər. Bu dəfə Azərbaycanın yüksək rütbəli təmsilçiləri Ermənistanda olublar və qərara gəliblər ki, növbəti görüş məhz Azərbaycanda olsun. Yəni Ermənistanın yüksək rütbəli təmsilçilərinin Bakıya gələcəyi gözlənilir. Bu da onu göstərir ki, iki ölkə arasında artıq etimad əlamətləri müşahidə olunmaqdadır. Azərbaycanın Baş nazir müavininin Ermənistana səfəri çərçivəsində isə olduqca önəmli məsələlər ətrafında müzakirələr aparılıb. Sərhədlərin delimitasiya və demarkasiya prosesi üzrə mövzular müzakirə edilib. Digər tərəfdən iki ölkə arasında iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub. İş adamlarının qarşılıqlı ticarət imkanları nəzərdən keçirilib. Ən əsası isə iki ölkə arasında siyasi münasibətlərin qurulması, sülh sazişinin imzalanması kimi mövzulara da toxunulub.
Bu da onu göstərir ki, Azərbaycan və Ermənistan yeni mərhələyə keçid etməkdə qərarlı mövqe tuturlar. Bu iki ölkə arasında siyasi, iqtisadi münasibətləri daha yüksək səviyyəyə keçirə bilər. Sülh sazişi imzalandıqdan sonra, təbii ki, bu proses daha da inkişaf edə bilər. Ən əsası isə əgər Azərbaycan və Ermənistan arasında qarşılıqlı münasibətlər normallaşarsa, iqtisadi-ticari münasibətlər qurularsa, sərhədlərin delimitasiya prosesi uğurla nəticələnərsə, bu bütövlükdə Cənubi Qafqazın sülh və sabitlik dövrünə qədəm qoyması anlamı daşıyar. Yəni sülh sazişi imzalanmış olar və ən əsası isə Rusiya kimi Cənubi Qafqazda hərbi gərginliyin həmişə mövcud olmasında maraqlı olan dövlətlərin həm propaqandasını iflasa uğradar, həm də bu istiqamətdə qurduqları planları boşa çıxardar”.

Lalə Qurbanlı