00:00:00
Yazar
Admin User
10.02.2026 12:23 33 2 dəq oxuma
Siyasət

“Sanksiyalar artıq qlobal miqyasda icra olunur”

“Sanksiyalar artıq qlobal miqyasda icra olunur”

ABŞ Rusiyanın “kölgə donanması”na məxsus daha bir tankeri ələ keçirib. ABŞ Müdafiə Nazirliyi Amerika qüvvələrinin Hind okeanında Aquila II gəmisinə mindiyini bildirib. “Aquila II” gəmisi Prezident Trampın Karib dənizində sanksiya tətbiq edilən gəmilər üçün müəyyən etdiyi qaydaları pozub.

 

Mövzu ilə bağlı politoloq Rəşad Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-nin Hind okeanında Rusiyanın “kölgə donanması”na məxsus daha bir gəmini ələ keçirməsi ilə bağlı həyata keçirilən əməliyyat təkcə ABŞ–Rusiya münasibətləri baxımından deyil, eyni zamanda beynəlxalq hüquq, enerji bazarları və sanksiyaların effektivliyi prizmasından da presedent xarakteri daşıyır:

 

“Beynəlxalq hüquq çərçivəsində ABŞ-nin Karib hövzəsindən Hind okeanına qədər gəmiləri izləyərək ələ keçirməsi bir neçə mühüm presedent yaradır. İlk növbədə, bu addım beynəlxalq sularda sanksiyaların icrası məqsədilə hərbi əməliyyatların həyata keçirilməsinə dair nümunə formalaşdırır. Ümumiyyətlə, dövlətlər yalnız öz ərazi sularında və ya beynəlxalq hüququn müəyyən etdiyi çərçivələr daxilində əməliyyat aparmaq səlahiyyətinə malikdirlər. ABŞ-nin bu addımı beynəlxalq koalisiya və sanksiya mandatına əsaslanırsa, hüquqi baxımdan əsaslandırıla bilər. Lakin eyni zamanda digər dövlətlər üçün də “beynəlxalq sularda sanksiya məqsədli hərbi müdaxilə” nümunəsi yaradır”.

 

Politoloq həmçinin qeyd edib ki, bundan əlavə, sözügedən əməliyyat sanksiyaların transregional icrası konseptini daha da möhkəmləndirir:

 

“Başqa sözlə desək, bu hadisə onu göstərir ki, sanksiyalar artıq yalnız müəyyən coğrafi zonalarla məhdudlaşmır, qlobal miqyasda hərbi və nəzarət mexanizmləri vasitəsilə icra oluna bilir. Rusiyanın “kölgə donanması” qlobal enerji bazarları üçün ciddi risklər yaradır. Bu donanma əsasən sanksiyalardan yayınmaq məqsədilə formalaşdırılmış qeyri-rəsmi və gizli tanker şəbəkəsindən ibarətdir. Onun fəaliyyəti enerji bazarında qiymət proqnozlarını çətinləşdirir, qeyri-müəyyənliyi artırır və ABŞ ilə Avropa İttifaqının tətbiq etdiyi sanksiyaların effektivliyini zəiflədir. Bununla yanaşı, belə əməliyyatlar diplomatik və geosiyasi riskləri də yüksəldir. Çünki ABŞ və onun müttəfiqləri bu cür fəaliyyətlərə qarşı daha sərt nəzarət və aktiv hərbi tədbirlərə yönəlmək məcburiyyətində qalırlar. Bu əməliyyat ABŞ–Rusiya münasibətlərinə həm gərginlik yaradan faktor, həm də çəkindirici mesaj kimi təsir göstərə bilər. Moskva üçün bu açıq mesajdır ki, sanksiyalardan yan keçmək cəhdləri cavabsız qalmayacaq və bu cür fəaliyyətlər ciddi nəzarət altında saxlanılır. Qısamüddətli perspektivdə gərginlik artsa da, uzunmüddətli baxımdan bu addım ABŞ-nin sanksiyaları qlobal miqyasda effektiv şəkildə tətbiq edə bildiyini nümayiş etdirir. Bu isə həm Avropa, həm də Asiya tərəfdaşları üçün etibarlılıq və güvən mesajı kimi qiymətləndirilə bilər. Ümumilikdə qeyd etmək olar ki, sözügedən hadisə hüquqi, iqtisadi və geosiyasi aspektləri özündə birləşdirən kompleks presedent kimi beynəlxalq münasibətlər sistemində mühüm əhəmiyyət kəsb edir”.


Cavahir Əsgərbəyli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər