00:00:00
Yazar
Admin User
05.01.2026 18:10 282 3 dəq oxuma
Sosial

“Sarı gəlin” ətrafında yeni mədəni mübahisə

“Sarı gəlin” ətrafında yeni mədəni mübahisə

Azərbaycan xalq musiqi irsinin incilərindən biri olan “Sarı gəlin” mahnısının İran dövlət telekanalında yayımlanması ictimai rezonans doğurub. Belə ki, mahnı Araz Torosyanın ifasında erməni və fars dillərində “Sarı ağçik” adı ilə təqdim edilib və efirdə erməni musiqisi kimi qələmə verilib.

 

Məsələ ilə bağlı Əqli Mülkiyyət Agentliyi araşdırmaya başlayıb. Agentlikdən bildirilib ki, yayımla əlaqədar hüquqi və mədəni aspektlər öyrənilir, xalq mahnısının mənşəyi və təqdimat forması diqqətlə təhlil olunur. Araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq addımların atılması istisna edilmir.

 

 

Mövzu ilə bağlı Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı “İnformator.az”a açıqlamasında bildirib ki, "Sarı gəlin"in erməni musiqisi kimi təqdim olunması mədəni irsin də geopolitikanın təsirli cəbhələrindən biri olduğunu bir daha göstərib:

 

“Azərbaycan xalq mahnısı “Sarı gəlin” çevrəsində zaman-zaman baş verən mənimsəmə və təhrif cəhdləri artıq folklor mübahisəsi olmaqdan çoxdan çıxıb; bu, milli mədəni suverenliyə yönəlmiş sistemli risklər sırasında dəyərləndirilməni haqq edir. İran dövlət telekanalında mahnının “Sarı ağçik” adı ilə, erməni və fars dillərində, erməni musiqisi kimi təqdim olunması mədəni irsin də geopolitikanın təsirli cəbhələrindən biri olduğunu bir daha göstərdi.

 

Təhrifin yaratdığı risklər varmı?

Əlbəttə ki , var. Xalq mahnısının qaynağının dəyişdirilməsi ilk baxışda “musiqi məsələsi” kimi görünsə də, halbuki belə halların başqa məqamları da vardır. Məsələn tarixi yaddaşı zəiflədir, gələcək nəsillərin mədəni kodlarını qarışdırır. Milli identikliyi aşındırır, çünki folklor millətin yaddaş xəritəsidir. Beynəlxalq informasiya məkanında yanlış narrativlərin möhkəmlənməsinə ortam yaradır və nəhayət, “yiyəsiz mədəniyyət” illüziyası yarada bilir, bu isə mənimsəməni asanlaşdırmış olur.

 

“Sarı gəlin”in təkcə melodiyadan ibarət olmadığını bilirik; o, Azərbaycan coğrafiyasının, dilinin, etnik-mədəni təbəqələşməsinin, necə deyərlər, səsli salnaməsidir. Bu salnaməni başqa adla, başqa kimliklə tanıtmaq — mədəni tarixə “redaktə” cəhdidir".

 

Müsahibimizin sözlərinə görə, milli mədəni irsin qorunması artıq yalnız daxili təşəbbüslərlə yetinə bilməz:

 

" Burada üçsəviyyəli müdafiə modeli zəruri görünür. Birincisi, hüquq müstəvisidir. Əqli Mülkiyyət Agentliyinin araşdırması vacib addımdır; lakin proses bununla bitməməlidir. BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (WIPO) kimi platformlarda arxiv sübutları, audio-qaynaqlar, not yazıları sistemli şəkildə təqdim olunmalıdır.

İkincisi, elmi-akademik müstəvidir. Folklorşünaslıq, etnomusiqişünaslıq sahəsində Azərbaycan məktəbinin elmi nəticələri daha fəal beynəlxalq dövriyyəyə buraxılmalıdır. Qaynaq nə qədər güclüdürsə, təhrif bir o qədər çətinləşir.

 

Üçüncüsü, mediatik və diplomatik müstəvini vurğulaya bilərik. Yəni mədəniyyət diplomatiyası klassik diplomatiyadan geri qalmamalıdır. Konsertlərdə, festivallarda, beynəlxalq yayımlarda mənşə vurğusu açıq və qəti olmalıdır.

 

Medianın və ictimaiyyətin roluna gəldikdə, bu məsələdə media sadəcə xəbər ötürücüsü olaraq qalmamalı, mədəni keşikçi funksiyasını daşımalıdır. Hadisəni sensasiya kimi yox, bundan daha üstün — mahiyyət problemı kimi təqdim etmək vacibdir. İctimaiyyətin mövqeyi isə gecikmiş yox, önləyici olmalıdır — bu isə yalnız etiraz etməklə deyil, öz irsini tanımaq və tanıtmaqla mümkündür.

 

Burada aydınların mövqeyi özəlliklə önəmlidir. Çünki mədəniyyətin səsini bəzən siyasətçi, məmur yox, söz adamı, alim, musiqiçi daha təsirli çatdırır".

 

Həmçinin mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Ermənistan “Sarı gəlin”ə göz dikə bilər, amma onu mənimsəyə bilməz:

 

“Bu iki istiqamətdə əldə olunan nəticələr ortadadır. Ən doğru yanaşma da məhz budur ki, bu məsələlər nüfuzlu dövlət qurumlarının vasitəsilə beynəlxalq səviyyədə həll edilsin. Məsələn, ermənilər nə qədər israr etsələr də, “Sarı gəlin”in onlara məxsus olduğunu iddia etmələri nə tarixi, nə də siyasi üstünlük qazandıra bilər. Əgər Ermənistanın bu iddianı sübut edən hansısa sənədi varsa belə, bunlar da yalnız Azərbaycandan mənimsənilmiş arqumentlərdən ibarətdir.

 

Musiqi alətlərimizin, xalq mahnılarımızın və digər mədəni irs nümunələrinin mənimsənilməsi Ermənistan üçün heç vaxt baş ucalığı sayıla bilməz. Onlar bu dəyərləri müvəqqəti olaraq öz adlarına çıxara bilərlər, lakin bu dəyərləri əslində mənimsəmək mümkün deyil.

 

Çünki Azərbaycan həm bu addımların qarşısının alınması sahəsində beynəlxalq təcrübəyə malikdir, həm də mədəni-mənəvi sərvətlərimizi dünya miqyasında öz adımıza rəsmiləşdirmək istiqamətində fəal iş aparır. Bir sözlə, Ermənistan “Sarı gəlin”ə göz dikə bilər, amma onu mənimsəyə bilməz”.

 

Aydan Əsgərxanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər