"Əsas hədəf Ermənistanı regional layihələrə qoşmaqdır”- Politoloqdan AÇIQLAMA
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Bakıya səfəri zamanı Azərbaycan və Gürcüstan arasında enerji, iqtisadiyyat və nəqliyyat sahələrində sazişlər imzalanıb. İki ölkə Orta Dəhlizdə əsas enerji və logistika mərkəzinə çevrilir, Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars layihələri regionun əhəmiyyətini artırır. Ermənistanın da bu inteqrasiyadan faydalanması Cənubi Qafqazda sabitlik və inkişafı gücləndirir.
Mövzu ilə bağlı politoloq Abutalıb Səmədov “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan və Gürcüstanın enerji-nəqliyyat layihələri, xüsusilə Orta Dəhliz və Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazın geoiqtisadi önəmini artıraraq, regional əməkdaşlıq, inkişaf və daimi sülh üçün əsas zəmin yaradır:
“Azərbaycan və Gürcüstan arasında imzalanan enerji və nəqliyyat sazişləri Cənubi Qafqazın geoiqtisadi əhəmiyyətini ciddi şəkildə artırır. Bu əməkdaşlıq regionu həm Avropa ilə Asiya arasında əsas tranzit körpüsünə çevirir, həm də Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı rolu gücləndirir. Burada təbii ki, Orta Dəhlizin əhəmiyyəti həddindən artıq böyükdür. Çünki Orta Dəhliz Çindən, Mərkəzi Asiyadan Avropaya daşınan yüklərin həcminin artmasında mühüm rol oynayır və Orta Dəhlizin ən mühüm həlqələrindən biri Azərbaycanın təşəbbüsü ilə başa gələn Bakı-Tbilisi-Qars dəmir yoludur. Orta Dəhliz həm Azərbaycanın, həm də Gürcüstanın tranzit gəlirlərinin artmasında mühüm rol oynayır. Bu, iki ölkəni iqtisadi baxımdan daha da yaxınlaşdırır. Əsas hədəf Ermənistanı bu prosesə qoşmaqdır və bunun üçün Zəngəzur dəhlizinin qısa müddətdə istifadəyə verilməsinə ehtiyac var. Zəngəzur dəhlizinin açılması Orta Dəhlizdə daşınan yüklərin həcmini xeyli artıracaq, Ermənistanın tranzit gəlirlərinin artmasına təsir göstərəcək və Cənubi Qafqazı əməkdaşlıq, inkişaf bölgəsinə çevirəcək. Burada silahlı qarşıdurmalara, müharibələrə, bir-birinə düşmən münasibətlərə son qoyacaq. Zəngəzur dəhlizinin açılmasında maraqlı olmayan qüvvələr, çox təəssüf ki, bölgəmizdə kifayət qədərdir və onlar dəhlizin qarşısının alınması üçün əllərindən gələni edirlər. Xüsusilə, qarşıdan gələn parlament seçkilərində rusiyapərəst qüvvələrin qələbəsi bu prosesə çox böyük zərbə vura bilər və buna görə də Rusiya xüsusi fəallıq göstərir. Ancaq ümid edək ki, bu cür qüvvələrin cəhdləri heç bir nəticə verməyəcək. Zəngəzur dəhlizi açılacaq, Ermənistan da bu prosesə qoşulacaq və üç Cənubi Qafqaz dövləti arasında dostluq, əməkdaşlıq mühiti daimi olacaq”.
Aydan Əsgərxanlı