SEPAH-ın sərt ritorikası: İran daxilində Pezeşkianla fikir ayrılığı dərinləşir
İran-ABŞ münasibətlərində gərginlik fonunda Tehranın siyasi və hərbi qanadları arasında fikir ayrılıqları daha da diqqət çəkir. İran Prezidenti Məsud Pezeşkianın BMT Baş Assambleyasında iştirakı və ABŞ Prezidenti Donald Trampın mümkün görüşlə bağlı açıqlamaları diplomatik kanallarda yeni manevrlər yaradarkən, SEPAH-ın sərt hərbi ritorikası qarşıdurmanın hərbi müstəvidə də davam etdiyini göstərir. Bəs bu ziddiyyətli mesajlar İranın daxilindəki siyasi balans haqqında nə deyir və Tehran ABŞ ilə münasibətlərdə hansı strategiyanı seçə bilər?
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, İran və ABŞ-İsrail İttifaqının arasında davam edən müharibə vəziyyəti coğrafi ərazisini genişləndirir:
“Artıq Yəməndə də yeni savaş başlayıb və Türkiyə, Pakistanın da bu savaşda Səudiyyə Ərəbistanına dəstək verməsi reallaşmaqdadır. İran Prezidenti Məsud Pezeşkianın ABŞ-yə reallaşan BMT Baş Assambleyası səfəri öncəsi İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi hədələr səsləndirməsi və ABŞ Prezidenti Donald Trampın Pezeşkianla görüşə biləcəyinə dair siqnalları ABŞ-İran münasibətlərində həm gərginliyi artıran, həm də diplomatik manevrləri şərtləndirən çoxşaxəli bir istiqamət yaradır. ABŞ-ın bu açıqlaması görüşü reallaşdırmaqdan daha çox İrandakı radikal qüvvələrdə qıcıq yaratmaq məqsədi daşıyır. Həm döyüş, həm danışıq strategiyası SEPAH-ın mümkün yeni hücumlara qarşı "müharibənin coğrafiyasını dəyişəcəyik, yeni silahlar istifadə edəcəyik" tipli xəbərdarlıqları münasibətlərdə gərginliyi hələ ki, tamamilə idarəolunmaz nöqtəyə aparmır, əksinə, regional qüvvələr nisbətində Tehranın masadakı mövqeyini gücləndirməyə xidmət edir”.
Politoloq həmçinin bunu da qeyd edib ki, SEPAH-ın sərt ritorikası və Fars körfəzindəki hərbi aktivlik, Pezeşkianın ABŞ-də irəli sürəcəyi şərtlərin arxasında real hərbi gücün dayandığını göstərmək məqsədi daşıyır:
“ABŞ Prezidenti Donald Tramp isə İranla bağlı, ölkəni məhv etmək, iqtisadiyyatını çökdürmək və ya razılığa gəlmək kimi variantlar arasında seçim etdiyini bildirir. SEPAH-ın bəyanatları ABŞ-yə mesajdır ki, hərbi variant seçilərsə, Amerikanın bölgədəki bütün hərbi bazaları və müttəfiqləri birbaşa hədəfə çevriləcək. Eyni zamanda SEPAH-ın bu addımları və sərt bəyanatları İranın daxili siyasi strukturunda ciddi fikir ayrılıqlarının və dərin güc mübarizəsinin aşkar göstəricisidir. Bilirik ki, İranda xarici siyasət və hərbi strategiya heç də həmişə vahid mərkəzdən idarə olunmur. İslahata meyilli Prezident Pezeşkian regional gərginliyi azaltmaq, sanksiyaların qaldırılmasına nail olmaq və ABŞ ilə müəyyən çərçivədə dialoq qurmaq niyyətindədir. Lakin SEPAH-a bağlı media və generallar Pezeşkianın Qərblə yaxınlaşma cəhdlərini çox vaxt sadəlövhlük və ya strateji səhv adlandırırlar. Hətta SEPAH rəsmiləri açıq şəkildə "müharibə dövründə prezidentin bəyanatlarına məhəl qoymayın" çağırışı etməkdən belə çəkinmirlər. Bütün bunların fonunda SEPAH və mühafizəkar qanad prezidentin xarici siyasətdə böyük diplomatik uğur qazanaraq ölkə daxilində siyasi çəkisini və reytinqini artırmasını, üstünlüyü ələ almasını istəmir”.
Tural İrfan bunu da bildirib ki, Azərbaycan əsilli, eyni zamanda islahatçı və türk dövlətləri ilə əlaqələrə daha isti yanaşan Pezeşkiyanı fars elitası təhlükə hesab edir:
“Səfər öncəsi hərbi təhdidlərin artırılması həm də Pezeşkianın Vaşinqtonda sanki kompromisə meyilli zəif lider kimi görünməsinin qarşısını almaq üçün daxili bir təsir vasitəsidir. ABŞ-nin Pezeşkianın media və kommunasiya komandasına viza verməkdən imtina etməsi də Tehran daxilindəki radikal qüvvələrin, Amerikaya etibar etmək olmaz tezisini gücləndirib və SEPAH-ın sərt çıxışlarına əlavə rəvac verib. Nəticə olaraq, Trampın danışıqlara ehtimal verməsi fonunda SEPAH-ın savaşa hazır olduqlarını bəyan etməsi ABŞ-İran münasibətlərini tam bir qırılma nöqtəsinə gətirmir. Bu, əsasən Tehran daxilindəki mürəkkəb siyasi balansın təzahürüdür. Pezeşkian administrasiyası diplomatik kanalları açıq saxlamağa çalışarkən, SEPAH hərbi çəkindiricilik nümayiş etdirərək masada kompromislərin minimuma endirilməsinə çalışır. Hər bir halda İran daxilindəki dövlət idarəçiliyi strukturunun mexanizmi elə qurulub ki, radikallar da mühafizəkarlar da, islahatçılar da elə hökumətin öz daxilindədir və ümumilikdə fərqli üsullarla eyni hədəfə doğru addımlayırlar”.
Güllər Gülhüseynova