"Sevgisi qəlbindən böyük qadınlar" - Fərahim Rza yazır
“Qadın gülərsə,
Bu ıssız mühitimiz güləcək.
Sürüklənən bəşəriyyət
Qadınla yüksələcək”
H. Cavid
Bəzən sadəcə bir dəstə çiçək, ya da söyləniləcək ən kiçik bir söz belə qadınları güldürməyə kifayət edər. Eynilə yuxarıdakı şeirdə qeyd edildiyi kimi.
“Qadın kimdir?” rastlaşdığım suallardan biridir. Təkcə üzdən deyil də, qəlbi də gülərkən saf sevgi ilə sevən, dəyər verən insandır qadın. Bu kirli dünyanın oyununu bir toxunuşla aşkar edib onu məhv edəcək gücdür qadın. Sədaqətli yoldaş, sirr saxlaya biləcək dost, vəfalı, qayğıkeş anadır. Yanında olana cənnəti yaşadacaq biridir qadın. Arxa-dayaq duran şəxsdir. Məhz buna görə də “hər uğurlu kişinin arxasında bir qadın var” deyib atalarımız.
Fəqət kainatın bəzəyi olan qadınları “sevgi” adı ilə öz kirli oyunlarına qurban edənlər də var. Həvəsi “sevgi” zənn edənlər kimi...
Sevgi ülvi bir hissdir. Dəyişən zamanda eyni hiss, coşğu və duyğu ilə dəyişməz qalmaqdır sevgi. Buz kəsilən ürəkləri sadəcə bir qığılcımı ilə isidən, yumşaldan qüvvədir. Bəlkə də, hər fəsli deyil də, daim bir fəsli yaşamaqdır sevgi. Çılğın yağışın sədaları altında öz ahəngini, harmoniyanı tapmaq, onunla uyğunlaşmaq və hiss etdiyin bu ali qüvvəni sonu olmadan, doya-doya yaşamaqdır. Danışarkən gözlərinin sevincdən parlaması, sanki qəlbinin hər an yerindən çıxması, ilk günkü kimi dəlicəsinə var olmaqdır sevgi.
Bütün bunları ümumiləşdirsək, qadın və sevgi sonsuz kainatın ülviyyəti, səadətidir. Buna görə də varlıqları ilə bütün həyatımızı gözəlləşdirən, qadınları sevmək, onlara dəyər vermək lazımdır. Nə də olsa, bu qədər çalışan, çırpınan xanımlar üçün kiçik bir sevgi çox görməmək gərəkir.
