Şəhid İbrahim İbrahimovun əziz xatirəsinə
Bu gün, oktyabrın 30-u, Vətən müharibəsi qəhrəmanı İbrahim Etibar oğlu İbrahimovun anım günüdür. O, torpaqlarımızın azadlığı uğrunda canından keçərək xalqımızın yaddaşına əbədi yazılıb.
1992-ci il fevralın 18-də Naxçıvan şəhərində anadan olan İbrahim 15 saylı məktəbdə təhsil alan, hərbi xidmətini başa vurduqdan sonra yenidən Vətənə xidmət yolunu seçib. Müharibə başlayanda bir an tərəddüd etmədən döyüşə yollanıb və kəşfiyyatçı kimi xidmət edib.
İbrahim Füzuli, Cəbrayıl, Zəngilan və Xocavənd istiqamətlərində döyüşlərdə qəhrəmanlıq göstərib. 2020-ci il oktyabrın 30-da Xocavənd uğrunda gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Qəhrəman ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
İbrahim İbrahimovun həyatı və şəhadəti gənclərə vətən sevgisi və fədakarlığın ən saf nümunəsini göstərir. Onun adı və igidliyi daim xalqımızın yaddaşında yaşayacaq.
Ruhun şad olsun, İbrahim! Sən torpağa yox, tarixə köçdün.
Banuçiçək Məmmədova
