Şəhid Kənan Şirəliyev
Bəzən elə insanlar olur ki, onları xatırlayanda içində sözlər qarışır, hisslər ağırlaşır, heç nə demək istəmirsən… sadəcə susub düşünürsən. Mənim üçün belə insanlardan biri bibim oğlu Şəhid Kənan Telman oğlu Şirəliyevdir. Onunla bağlı xatirələr mənim üçün sadəcə keçmiş deyil, həm də həyat dərsidir. Hər dəfə onu düşünəndə həm qürur duyuram, həm də içimizdə bir sızıntı olur. Həm itki ağrısı, həm də qəhrəman bibim oğlu ilə fəxr edirəm. Kənan 3 fevral 2001-ci ildə Salyan rayonunun Qarabağlı kəndində anadan olub. Həmişə sakit, amma güclü xarakteri olub. Xatırlayıram, o vaxtlar zarafat edəndə belə səsində bir ciddilik hiss olunurdu. Elə bil ki, həyat ona uşaqlıqdan məsuliyyət yüklənib. Bizim söhbətlərimizdə də hər zaman Vətən mövzusu, gələcək arzuları, planları olub. O, ürəyi dolu, məqsədi aydın bir gənc idi.
2019-cu il 1 apreldə hərbi xidmətə yollanıb. Mən onu yola salanda gözlərində qürurla qarışıq qəribə bir əminlik olub. Kənan heç vaxt qorxudan danışmayıb. Deyirdi: “Vətənin yükü ağırdır, amma mən hazıram”. Bu sözləri o qədər sakitliklə deyirdi ki, sanki doğulduğu gündən bunun üçün hazırlanıb. 2020-ci il müharibəsi başlayanda Kənan artıq ön cəbhədə idi. Xocavənd istiqamətində gedən ən ağır döyüşlərdə iştirak edib. Silahdaşları deyirdi ki, o, həmişə irəlidə gedən, heç kimi çətin anda tək qoymayan oğlan idi. Mən isə onu xatırlayanda həmişə o gülüşü, o baxışları görürəm qorxmaz, düz, mərd...Amma qəhrəmanlıq bəzən ömürdən böyük olur. Kənan 1 noyabr 2020-ci ildə Xocavənddə şəhid olub. Xəbərini eşidəndə sanki zaman dayanıb. İnsan belə xəbərləri heç vaxt tam qəbul edə bilmir. Lakin bir tərəfdən də bilirsən ki, o, ən uca zirvəyə şəhidlik zirvəsinə yüksəlib. 18 noyabr 2020-ci ildə öz kəndində torpağa tapşırılıb.
Onun qəhrəmanlığı dövlət yüksək qiymətləndirilib. Kənan ölümündən sonra:
“Vətən uğrunda” medalı, "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib. Bu medallar onun adını tarixə yazıb. Amma mənim üçün onun ən böyük medalı, tanıdığım, söhbət etdiyim, birlikdə gülüb danışdığım, amma Vətən üçün canını fəda edən o təmiz ürəkli gəncin xatirəsidir. Bu gün mən Kənanı xatırlayanda təkcə bir şəhid deyil, həm də öz həyatımda iz qoyan bir insanı xatırlayıram. Onunla bağlı hər xatirə həm ağrıdır, həm də qürurdur. Biz onun kimi igidlərə borcluyuq, yaşadığımız hər gün, gördüyümüz hər səma, nəfəs aldığımız hər torpaq parçası onların əmanətidir. Kənan Şirəliyev mənim üçün yalnız tarixdə adı yazılan bir şəhid deyil. O, mənim xatirəmdə, qəlbimdə, həyatımda yaşayan bir qəhrəmandır. Ruhu şad olsun.
Aysun Vəliyeva
