Səhər yeməyini ötürməyin sağlamlığa təsiri
Mütəxəssislər səhər yeməyinin ötürülməsini orqanizm üçün ciddi xəbərdarlıq siqnalı kimi qiymətləndirir. Uzun müddət aclıq vəziyyətində qalan bədən özünü qoruma mexanizmlərini işə salır və metabolizm yavaşlayır. Bu halda günün sonrakı saatlarında qəbul edilən qidalar enerji ehtiyacına deyil, əsasən yağ ehtiyatlarının formalaşmasına yönəlir.
Mövzu ilə bağlı dietoloq Ləman Süleymanova “İnformator.az”a açıqlamasında bildirib ki, metabolizm nə qədər aktiv olarsa, insan bir o qədər gümrah və sağlam olur:
“Piylənmə müasir cəmiyyətimizin ən qlobal problemlərindən biridir. Xüsusilə səhər yeməyi mövzusuna gəldikdə isə, piylənmənin bir çox səbəbləri vardır. Onlardan ən böyüklərindən biri insanların rejimsiz qidalanmasıdır. Bu hal həm iş adamları, böyüklər arasında, həm də uşaq və yeniyetmələr arasında yayılıb. Piylənmədən əziyyət çəkənlərin 40-50%-i səhər yeməyi yeməyən və rejimsiz qidalananlardır.
Səhər yeməyi mütləq vacibdir, çünki insan orqanizmində metabolizmin düzgün işləməsinə təsir edir. Metabolizm: zülal, yağ, karbohidrat, vitamin və mineralların mübadiləsidir. Metabolizm nə qədər aktiv olarsa, insan bir o qədər gümrah və sağlam olur. Bu həm zehni qabiliyyətə, həm həzm sisteminə, həm də dərimizin, saçlarımızın və dişlərimizin sağlamlığına müsbət təsir edir. Orqanizmin qidalardan lazımi maddələri ən yaxşı mənimsədiyi vaxt isə səhər saatlarıdır.
Səhər erkən durmaq, maye balansını qorumaq, fiziki aktivlik və sağlam səhər yeməyi vacibdir. Səhər qidalarının tərkibindəki maddələr insanı gün ərzində, ən azı saat 3-ə qədər enerji ilə təmin edir. Beyin isə hər 1 saat 45 dəqiqədən 3 saata qədər aralıqlarla orqanlara, xüsusilə mədəyə siqnal ötürür ki, artıq yemək vaxtıdır. Əgər insan bu siqnallara reaksiya vermirsə və yemək yemirsə, bu siqnallar artır və nəticədə mədəaltı vəzin hormonlarına təsir edir. Nəticədə mədəaltı vəzi normadan artıq insulin ifraz etməyə başlayır və bu da qrelin adlı acılıq hormonunun balanssız aktivləşməsinə səbəb olur. Bu proses isə piylənmənin yaranmasına gətirib çıxarır”.
Aydan Əsgərxanlı
