00:00:00
Yazar
Admin User
19.11.2025 14:58 75 3 dəq oxuma
Sosial

Şəhərin taksi problemi

Şəhərin taksi problemi

Son illər taksi sektorunda həm sürücülər, həm də sərnişinlər üçün müxtəlif çətinliklər gündəmə gəlib. Qiymətlərin dəyişkənliyi, tətbiqlərin komissiya siyasəti, təhlükəsizlik məsələləri, qanunvericilik tələbləri və xidmət keyfiyyəti cəmiyyətin ən çox müzakirə etdiyi mövzulardandır. Bu müsahibənin məqsədi-taksi xidmətlərində yaşanan problemləri daha dərindən araşdırmaq, sürücülərin mövqeyini öyrənmək və sərnişinlərin gözləntilərini qiymətləndirməkdir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında sosioloq Nailə İsmayılova bildirib ki, taksi xidmətlərində qiymətlərin dəyişməsi  həm sürücülərə, həm də sərnişinlərə müxtəlif yollarla təsir edə bilər:

 

“Sürücülərə təsiri ilk növbədə gəlirin artmasıdır. Belə ki, qiymət artımı sürücülərin hər gedişdən aldığı gəliri yüksəldəcək. Bu, xüsusilə xərcləri artan dövrlərdə sürücülər üçün vacib hesab olunur. Bu da bazara yeni sürücülərin girməsini stimullaşdıra bilər. Lakin bunlarla bərabər tələbin azalması riskini də gözardı etmək olmaz. Belə ki, qiymətlər artanda istər-istəməz sərnişinlər taksi xidmətindən istifadəsini azalda bilər və bəziləri daha ucuz alternativlərə (ictimai nəqliyyata, piyada gedişinə və s.) keçə bilər. 

 

Azalan tələbin fonunda sürücülər daha az gediş etmək məcburiyyətində qalacaqlar. Bu da ümumi gəlirə mənfi təsir ehtimalını artırır. Yeni tarif artımı sürücülərin daha yüksək gəlir əldə etmələri üçün daha uzun işləməyə məcbur edəcək. Bu, xüsusilə gecə tarifləri tətbiq olunduqda mümkündür. Bu iş şəraiti də istirahət vaxtını azaldacaq və nəticə etibarilə sağlamlığa mənfi təsir göstərəcək. Tarif artımı sərnişinlərin ödəyəcəyi məbləği birbaşa artırır. Bu, xüsusilə aşağı gəlirli insanlar, yaşlılar və müntəzəm taksidən istifadə edənlərin ciblərinə mənfi təsir göstərə bilər. Həmçinin həssas qrupdan olan insanlar taksidən daha çox istifadə edirlər. Lakin qiymət atarsa, taksi xidməti onlar üçün əlçatmaz olacaq. Ümumiyyətlə tarif məsələsinə həssaslıqla yanaşmaq tövsiyyə olunur. Yeni bir xidmət sistemi elə qurulmalıdır ki, bu dəyişiklik həm sərnişinlər, həm sistem üçün faydalı ola bilsin. Bunun üçün balansı tapmaq vacibdir, belə ki, çox yüksək tariflər xidmətdən istifadəni məhdudlaşdırmasın”.

 

Müsahibimiz həmçinin bildirib ki, mövcud rəqabət taksi xidmətlərinin keyfiyyətini həm artırır, həm də aşağı sala bilir-hansı təsirin dominant olacağı bazarın, tənzimləmənin və oyunçuların davranışlarının necə olduğundan asılıdır:

 

“Tarif artımı həm də sosial bərabərsizliyi dərinləşdirə bilər-daha kasıb sərnişinlər üçün taksidən istifadə çətinləşə, bəzi yerlərdə taksi xidməti “lüks” halına gələ bilər. Eyni zamanda, bəzi məqamlarda “kölgə taksilər” (yəni rəsmi icazəsi olmayan taksilər) riski də qeyd olunur: qiymətlər rəsmi taksilərdə artsa, sərnişinlər qeyri-rəsmi taksilərə yönələ bilər”.

 

“İnformator.az”a danışan sərnişin Nərmin Quluzadə bildirib ki, adətən qısa məsafəni getmək üçün böyük məbləğ ödəmək məcburiyyətində qalırıq:

 

“Tıxac səbəbilə taksi sifarişi zamanı məsafə qısalığına baxmayaraq yüksək məbləğ tələb olunur. Bu isə tələbələr üçün ürəkaçan hal deyil. Müsbət tərəfi isə istənilən yerə rahat getmək və ya gəlmək mümkündür”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər