Səid Səlmasi
Əvvəlki məqalələrimdən birində də qeyd etmişdim ki, romantik yazarların əksəriyyətinin taleyi çox açınaçaqlı olmuşdur. O, cümlədən cəmi 22-i bahar yaşamış Səid Səlmasınin də. İran inqilabının “ən fəal xadimlərindən olmuş, xalqın azadlığı, tərəqqisi, səadəti naminə” çanını qurban vermiş S.Səlmasi bir çox məsləkdaşları kimi “bir parça çörək deyil, böyük ideyalar uğrunda şəhid olmuş”.
S.Səlmasi haqqında tədqiqatlardan birində yazılır ki; “Azərbaycan şairi Səid Səlmasi düşmənlərlə döyüşə getməzdən qabaq barmağına anasının çox qiymətli brilyant üzüyünü taxır. Deyir, sağ qalsam, qaytararam, ölsəm, düşmən qoy onu görsün, deməsin ki, ehtiyacdan döyüşürəm. Bilsin ki, Vətən qeyrəti üstə ölümə getmişəm”.
Məşrutə hərəkatının ən fəal döyüşçüsü olan Səid Səlması xalqının, Vətəninin azadlığı, istiqlalı, xoşbəxtliyi uğrunda həm qələmi, həm də silahı ilə döyüşdü. Azərbaycan ədəbiyyatında və mətbuatında şair-publisist kimi tanınan füyuzatçı Səid Səlmasi “yeni Azərbaycan ədəbiyyatında sonet yazan və çap etdirən ilk şairdir”. O, şair ki, “Səid” təxəllüsünü götürməklə (ərəbcədən tərcümədə mənası-xoşbəxt olmaq) xoşbəxt, bəxtiyar olacağına inanırdı. Əslində Səid Səlmasi amaları uğrunda mübarizə apararaq çanını qurban verməklə xoşbəxt oldu! Çünki o öz xoşbəxtliyi uğrunda deyil, xalqı, Vətəni, onun xoşbəxtliyi uğrunda mübarizə aparırdı.
20-ci yüzilin əvvəllərində fəaliyyətdə olan dövrü mətbuatımızdan “Səid Səlmasi” imzası ilə tanıdığımız şair-publisist Səid Səlmasi əslində kim idi? Ədəbiyyatşünas və mətbuatşünas alimlərin tədqiqatlarından belə aydın olur ki, “əsl adı Ağabala, atasının adı isə Məşədi Xəlil” olub. Tədqiqatlarda soyadı həm “Xəlilzadə”, həm də “Haqverdiyev” kimi yazılan Səid Səlmasi ən yaxın dostu mollanəsrəddinçi Əliqulu Qəmküsara yazdığı məktubda imzanı “Səid Xəlilzadə Səlmasi” kimi yekunlaşdırıb. Soyadı kimi təvəllüdü haqqında da bir-birini inkar edən fikirlər söylənilir. Amma burada da yenə Səid Səlmasinin yaxın dostu Ə.Qəmküsarın “Tərəqqi” qəzetinin 7 aprel 1909-cu il tarixli, 70-ci sayında dərc etdirdiyi “Şəhidi-mərhum Səid Səlmasinin tərcümeyi-halı” sərlövhəli məqaləsinə əsaslanaraq onun 1887-ci ildə İranın Səlmas şəhərində anadan olduğunu söyləyə bilərik.
Prof. Cəfər Xəndan (Sovet ideologiyasına xas olaraq) S.Səlmasini“yoxsul bir kəndli ailəsində anadan olmuşdur” yazırdı. Amma əksər mənbələr bu faktı təkzib edir. Məsələn, görkəmli tədqiqatçılardan Məhəmməd Müin, Rza Həmraz Təbrizi, Məmmədəli Müsəddiq, Səməd Sərdarniya əsərlərində yazırdılar ki: “Səidin ata-babası Qafqazda ticarətlə məşğul olmuşlar. Xüsusi ilə Bakı şəhərində neft mədənləri ilə bağlı idilər. Səidin ata -babası Bakıda neft mədənində işləmiş və sahibkar olmuşlar. Onların Bakıda mülkləri var imiş. Neft sənayesi ilə əlaqədar sahibkar olmuşlar”.
S.Səlmasinin Bakıda böyük mal-mülk sahibi olmasını filologiya üzrə elmlər doktoru Hüseyn Həşimli də “Səid Səlmasi” adlı monoqrafiyasında təsdiqləyir. Alim Kərbəlayi Vəli Mikayılovun “Azadiyi-qələm” məqaləsinə (bu məqalə 1911-ci ildə Bakıda nəşr olunan “Şəhabi-saqib” jurnalının 19 fevral 1911-ci il tarixli sayında çap edilib) istinad edərək yazır: “Məqalədən belə anlaşılır ki, Səid Səlmasi Bakıda ata-babadan qalmış mal-mülk üzərində vərəsəlik hüququnu bərpa etdikdən sonra əlində əhəmiyyətli miqdarda pul toplamışdı. Bu vəsaitlə o, bir müddət sonra mətbəə avadanlıqları alaraq Güney Azərbaycana aparmışdı. Səidin Orucovların müəssisəsində orta hesabla bir il çalışdığını da nəzərə alsaq, ehtimal etmək mümkündür ki, Orucovlarla onun arasındakı belə səs-küylü hesab, bəlkə də, əmək haqqı müstəvisində ola bilməzdi. Ya Səid onlara borc vermiş, sonra ala bilməmiş, yaxud da bu hesab əmlak məsələləri ilə əlaqədar olmuşdur. Hər halda həmin mübahisə ciddi xarakter daşımış, mühitdə geniş əks-səda doğurmuşdur”.
Deməli, Səid Səlmasi Bakıya yalnız təhsil almağa, işləməyə deyil həm də əlindən çıxan mülk-malını geri qaytarmağa gəlmişdir. Əliqulu Qəmküsarın yazdığına görə: “kiçik yaşlarında atasını itirən Səlmasinin əmisi Hacı Qənbər imanın-dinin pula satan mollaların əlilə bir neçə əlahiddə şahid əli ilə babadan qalma təxtixabın və irsin ondan bir hissəsini o biçarəyə verməklə ondan qəbz vüsul və tərki-dava almışdır ki; “Mənim irsim tamam-kamal üzrə özümə çatdı”. Bu binəva həddi-buluğa çatar-çatmaz əmisinin onun haqqında elədiyi xəyanəti düşünüb Bakıda olan baba mülklərinə rus dövlətinin qanunu mövcibincə şəri varis və ürfi varis olduğunu sübuta yetirib, öz qəsb olunmuş hüququnu geri əldə etmişdir”.
Təbiiətən çox zabitəli qadın olan Əzəmət xanım oğlu Səlmasın təlim-tərbiyəsi ilə çox ciddi məşğul olmuşdur. İlk mədrəsə təhsili alan Səlmasi “fitri qabiliyyəti və ciddi mütaliəsi sayəsində Azərbaycan dilindən başqa, fars, türk, ərəb, sonralar fransız və rus dillərini də yaxşı öyrənmiş, ictimai elmlərə, xüsusən tarix və ədəbiyyata maraq göstərmişdi”.
Təxminən 1906-cı ilin sonları, 1907-ci ilin əvvəlləri Bakıya gələn Səid Səlmasi burada Seyid Hüseyn, Əliqulu Qəmküsar, Məhəmməd Hadi, Əli Paşa Hüseynzadə ilə münasibətdə olması onu ədəbiyyata, mətbuata, şeirə meylləndirir. Düşdüyü bu mühit onun dünyagörüşünə çox böyük təsir edir. Onda vətənpərvərlik, azadlıq duyğuları baş qaldırır. İlk olaraq “Füyuzat” jurnalı ilə əməkdaşlıq etməyə başlayan S.Səlmasi vaxtının çoxunu Orucov qardaşlarının mətbəəsində kecirir. Daha çox tərəqqiyə meyilli olan S.Səlmasi “Avropa və Asiyanın bir sıra ölkələrinə səyahətə çıxır. Macarıstanda, Fransada, dəfələrlə Türkiyədə olur”.
S.Səlmasinin səyahətləri haqqında tədqiqatçı alim Məmmədəli Müsəddiq yazırdı: “Avropanın iqtisadi, elmi-texniki və mədəni inkişafını görmək, o qitədə yaşayan xalqların həyat tərzi ilə, xüsusilə xalqların azadlıq hərəkatı və mütərəqqi fikir inkişafı ilə tanış olmaq Səidin ictimai və siyasi məlumatını artırmış, onun dünyagörüşünün təkmilləşməsinə kömək etmişdir. Səid Parisdə olarkən Fransanın məktəblərini və Fransa maarif məsələlərini öyrənmişdi”.
Odur ki, vətəninə qayıdan kimi ilk olaraq “Səidiyyə” adlı müasir tipli məktəb açmış və bütün xərcləri öz üzərinə götürmüşdü. Elə məktəblə yanaşı “ Üsküdar” adlı yeni tipli kitabxananın da təşkilinə nail olmuşdu”. Bütün varlığı ilə xalqının savadlanmasına, azad olmasını calışan S.Səlmasi Avropadan qayıdarkən “öz vəsaiti ilə müasir tipli mətbəə avadanlıqları da alıb gətirmiş Təbrizdə Məcidiyyə xiyabanında “Ümidi-tərəqqi” adlı mətbəə təşkil etmişdir. Bu İranda yığma üsulu ilə fəaliyyət göstərən ilk mətbəə idi”.
Avropada mətbuatın gücünü görən S.Səlmasi tezliklə Təbrizdə, Xoyda, Səlmasda, Urmiyada bir necə qəzetin nəşrə başlamasında yaxından iştirak edərək, “Şəfəq”, “Fəryad”, “Şurayi-İran” qəzetlərin “həm təşkilatçısı, həm də ən fəal yazarı olur”. Görkəmli tədqiqatçı Qulam Məmmədlinin yazdığına görə hətta “Şurayi-İran” qəzetinin nəşri ilə mətbuat aləmində ad qazanmışdı”.
Azadlıq və tərəqqiyə qənim kəsilən bədxahlar ilk olaraq Səlmasinin evini və mətbəəsini qarət edirlər. Sonra məktəbi, kitabxananı dağıtdılar. Məşrutə hərəkatının ən fəal döyüşçüsü olan Səid Səlmasi “1909-cu ilin fevral ayının 24-də Xoy ilə Makının Səidabad müharibəsində Makı əşqiyalarının gülləsinə hədəf olub, cami-şəhadət nuş etdi”.
Cəmi 22-i bahar yaşamış bir tərəqqipərvər, vətənpərvər gənc özü dediyi kimi “bir parça çörk deyil” xalqının istiqlalı və istiqbalı yolunda uf demədən canını fəda etdi. Dahi Əli bəy Hüseynzadə demiş: “Mənim hədəfi-eşqim Vətən idi. O məşuqə isə məni tari-cəfasına hədəf etdi”.
BDU-nun professoru Qərənfil Dünyaminqızı
