“Silahların Ukraynada istehsalı Rusiyanın daha ciddi müqavimətlə üzləşməsinə səbəb ola bilər” - ŞƏRH
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin ABŞ və digər Qərb tərəfdaşları ilə müdafiə sənayesi sahəsində əməkdaşlığı gücləndirəcəyini bildirib. Onun sözlərinə görə, Qərb silahlarının Ukraynada birgə istehsalı və lokallaşdırılması genişləndiriləcək. Zelenski bu addımın ölkənin uzunmüddətli müdafiə qabiliyyətinin artırılması və təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ və Avropa ölkələri ilə əməkdaşlığın genişləndirilməsi ilə bağlı açıqlaması yeni siyasi mərhələdən deyil, indiyədək davam etdirilən xarici siyasət kursunun növbəti davamından xəbər verir:
“Əslində, bu, Zelenskinin hakimiyyətə gəldiyi gündən etibarən həyata keçirdiyi xarici siyasətin davamıdır. Onun yanaşması ondan ibarətdir ki, Rusiya postsovet məkanını, o cümlədən Ukraynanı yenidən öz təsir dairəsinə salmağa çalışır. Buna görə də Ukraynanın müstəqilliyini qorumağın ən effektiv yolu Qərblə əlaqələrin genişləndirilməsidir. Əməkdaşlığın genişləndirilməsi ilə bağlı son açıqlama da məhz bu siyasi xəttin davamıdır. Növbəti mərhələdə Ukrayna Qərb dövlətləri ilə ikitərəfli və çoxtərəfli hüquqi sənədlərin imzalanmasına üstünlük verə bilər. Bu sənədlər müttəfiqlik münasibətlərini daha da gücləndirə bilər. Zelenski hakimiyyəti bununla Ukraynanın Avropa İttifaqına, daha sonra isə NATO-ya inteqrasiyası istiqamətində növbəti addımı atmağı hədəfləyə bilər. Silah istehsalının Ukrayna ərazisində həyata keçirilməsi ölkənin müdafiə qabiliyyətinə mühüm təsir göstərə bilər. Silahların Ukraynada istehsalı daşınma xərclərini və vaxt itkisini aradan qaldıracaq. Xaricdən gətirilən silahların çatdırılması günlərlə, bəzən isə həftələrlə vaxt aparır. Yerli istehsal isə ordunun ehtiyaclarının daha qısa müddətdə ödənilməsinə imkan verəcək. Bu, Rusiyanın daha ciddi müqavimətlə üzləşməsinə səbəb ola bilər. Əgər istehsal olunan silahların həm kəmiyyəti, həm də keyfiyyəti yüksək olarsa, Ukrayna ordusu Rusiya qüvvələrinə qarşı daha effektiv əməliyyatlar həyata keçirə bilər”.
H.Səhrablı hesab edir ki, Ukraynanın Qərblə əməkdaşlığını genişləndirməsi Şərqi Avropadakı ümumi geosiyasi vəziyyəti köklü şəkildə dəyişməyəcək:
“Hazırda Şərqi Avropada vahid status-kvo yoxdur. Region ölkələri öz təhlükəsizlik siyasətlərini formalaşdırırlar. Belarus Rusiyayönlü siyasət yürüdür, digər Şərqi Avropa dövlətlərinin əksəriyyəti isə Qərbə inteqrasiyanı seçib. Ukraynanın bu istiqamətdə atdığı addımlar regionun ümumi siyasi mənzərəsini ciddi şəkildə dəyişməyəcək. Bu, daha çox Ukraynanın özünün təhlükəsizliyini və regionda mövcudluğunu qorumaq siyasətinin tərkib hissəsidir. Ukraynanın NATO və Avropa İttifaqı ilə münasibətlərinin daha da dərinləşməsi Polşa və Baltikyanı ölkələr üçün yeni təhlükə yaratmır. Polşa artıq Ukraynanın yaxınlaşmaq istədiyi Qərb ittifaqlarının üzvüdür. Baltikyanı ölkələr də təhlükə mənbəyi kimi Rusiyanı, əsas tərəfdaş kimi isə Qərbi görür. Bu baxımdan Ukraynanın addımları onlar üçün yeni vəziyyət yaratmır. Ukraynanın qərbyönlü siyasətinin əsas təsiri Belarus-Ukrayna münasibətlərində hiss oluna bilər. 2022-ci ilin fevralından sonra Belarus və Ukrayna arasında birbaşa hərbi qarşıdurma olmasa da, siyasi və diplomatik qarşıdurma mövcuddur. Xarici siyasət kursları tamamilə fərqlidir. Belarus Rusiyayönlü, Ukrayna isə Qərbyönlü siyasət yürüdür”.
Fatimə Hüseynli