00:00:00
Yazar
Admin User
03.02.2026 14:33 56 3 dəq oxuma
Sosial

"Sınaq imtahanlarının dövlət imtahanlarında uğura təsiri necədir",

"Sınaq imtahanlarının dövlət imtahanlarında uğura təsiri necədir",

Sınaq imtahanları şagirdlərin real imtahan mühitinə uyğunlaşmasında, vaxtı düzgün bölməsində və həyəcanı minimuma endirməsində mühüm rol oynayır. Bu amillər isə dövlət imtahanlarında daha yüksək nəticə əldə etməyə ciddi şəkildə təsir göstərir.

 

Mövzu ilə bağlı təhsil eksperti Vüsət Əzizov “İnformator.az”a açıqlamasında bildirib ki, sınaq imtahanlarının real dövlət imtahanı nəticələrinə təsiri danılmazdır:

 

“Sınaq imtahanlarının ən mühüm üstünlüyü imtahan stresini azaltmasıdır. Şagird imtahan mühitinə alışır, vaxtı düzgün idarə etməyi öyrənir və sual formaları ilə əvvəlcədən tanış olur. Eyni zamanda, sınaq nəticələri şagirdə hansı mövzularda bilik səviyyəsinin zəif olduğunu, hansı fənlərdə vaxt problemi yaşadığını aydın şəkildə göstərir. Çox vaxt şagird biliyə malik olsa da, vaxtı düzgün bölə bilmədiyi üçün imtahanı tamamlaya bilmir. Sınaq imtahanları bu problemi erkən mərhələdə üzə çıxarır və şagirdə vaxt bölgüsünü real təcrübə əsasında öyrədir. Bununla yanaşı, şagird imtahan strategiyası formalaşdırır. Belə ki, hansı suallardan başlamaq, hansını sona saxlamaq, riskli suallarla necə davranmaq kimi bacarıqlar sınaqlar vasitəsilə qazanılır".

 

Ekspert sınaq imtahanlarının uşaqlar üçün bir motivasiya olduğunu da qeyd edib:

 

"Sınaqda əldə olunan yüksək nəticələr şagird üçün motivasiya yaradır, özünə inamı artırır. Səhvlər isə “harada yanlış etdim?” sualı üzərində düşünməyə və daha planlı hazırlaşmağa sövq edir. Araşdırmalar da göstərir ki, testlərlə məşq edən şagirdlər yalnız nəzəri oxu ilə kifayətlənən şagirdlərlə müqayisədə imtahanlarda daha yüksək nəticə göstərirlər. Sınaq imtahanları yalnız bilik səviyyəsini ölçmür, eyni zamanda öyrədir. Davamlı sınaqlarda iştirak mövzuların daha möhkəm mənimsənilməsinə, biliklərin aktiv şəkildə xatırlanmasına və yaddaşın güclənməsinə şərait yaradır. Şagird zəif tərəflərini vaxtında aşkar edir və gec olmadan onları aradan qaldırır. Bundan əlavə, psixoloji hazırlıq da formalaşır. Davamlı sınaqlar nəticəsində imtahan qorxusu azalır, vaxt təzyiqinə uyğunlaşma yaranır, həyəcan isə tədricən soyuqqanlılığa çevrilir. Ümumilikdə, sınaq imtahanları dövlət imtahanında uğur qazanma ehtimalını xeyli artırır”,-deyə O, fikirlərini yekunlaşdırıb. 

 

Mövzu ilə bağlı 11-ci sinif şagirdi Hüseynova Məryəm də öz fikirlərini bölüşüb. O bildirib ki, sınaq imtahanları şagirdin formalaşmasında mühüm rol oynayır:

 

“Mən hər ay sınaq imtahanlarında iştirak etməyə çalışıram. Çünki sınaqlar zamanı bilmədiyim mövzuları müəyyən edirəm. Orada etdiyim bir səhv sual belə mənə nəsə öyrədir və ondan nəticə çıxarmağa kömək edir. Sınaqdan sonra hazırlıq planımda dəyişiklik edirəm. Etdiyim səhvlərə, cavabını bilmədiyim suallara daha çox diqqət yetirir, həmin mövzuları yenidən öyrənməyə, anlamağa və əlavə nümunə suallar işləməyə çalışıram. Əvvəllər sınaq imtahanlarında çox stress keçirirdim. Lakin indi anlayıram ki, sınaq imtahanlarının əsas buraxılış imtahanına birbaşa təsiri yoxdur, onlar sadəcə özümüzü yoxlamaq üçündür. Buna baxmayaraq, nəticələrim yüksək olduqda istər-istəməz motivasiya yaranır, ruh yüksəkliyi əldə edirəm və digər fənləri daha həvəslə öyrənirəm”.

 

Beləliklə, aydın olur ki, sınaq imtahanları abituriyentin buraxılış və qəbul imtahanlarına hazırlaşmasında bir zəmin rolu oynayır. Abituriyent bu imtahanlar vasitəsi ilə həmin ab-havanı görür, imtahan həyəcanı bir qədər də azalmış olur.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər