00:00:00
Yazar
Admin User
05.02.2026 19:06 58 2 dəq oxuma
Sosial

Sınaq müddətindən sui-istifadə halları gündəmdə

Sınaq müddətindən sui-istifadə halları gündəmdə

Azərbaycan qanunvericiliyində işə qəbul zamanı tətbiq olunan sınaq müddəti işçinin peşə bacarıqlarının, iş təcrübəsinin və vəzifəyə uyğunluğunun yoxlanılması məqsədi daşıyır. Əmək Məcəlləsinə əsasən, sınaq müddəti əmək münasibətlərinin səmərəliliyinin təmin olunmasına, işçi və işəgötürən arasında qarşılıqlı uyğunlaşmanın formalaşmasına xidmət edir. Bu mexanizm işçinin peşə keyfiyyətlərinin qiymətləndirilməsi ilə yanaşı, əmək prosesinin təşkilinə uyğunlaşma imkanlarının müəyyən olunmasına şərait yaradır.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında vəkil Elvin Əliyev bildirib ki, sınaq müddəti yalnız işçinin peşəkarlıq səviyyəsini yoxlamaq məqsədi daşıyır:

 

"Qanunvericiliyə görə, sınaq müddətində olan işçi tam hüquqlu işçi hesab olunur və ona əmək qanunvericiliyində nəzərdə tutulan bütün təminatlar şamil edilir. Sınaq müddəti yalnız işçinin peşəkarlıq səviyyəsini yoxlamaq məqsədi daşıyır. Əmək müqaviləsi ilə təminat hüququna əsasən, sınaq müddəti yalnız əmək müqaviləsində göstərildikdə tətbiq edilə bilər. Müqavilədə qeyd olunmayıbsa, işçi sınaqsız qəbul edilmiş sayılır. İşçi ştat cədvəlinə uyğun tam əmək haqqı almalıdır, sınaq müddəti bəhanəsi ilə maaşın azaldılması qanunsuz hesab edilir. Sosial sığorta və digər təminatlar dedikdə, işçi əmək müqaviləsi bağlandığı andan sosial sığorta sisteminə daxil edilir, xəstəlik vərəqəsi, məzuniyyət hüquqları və digər təminatlar ümumi qaydada tətbiq olunur. Əmək şəraiti və təhlükəsizlik hüququna görə, əmək mühafizəsi, iş vaxtı, istirahət vaxtı və digər normalar sınaq müddətində də eyni qaydada qüvvədədir.

 

Ümumilikdə, sınaq müddəti 3 aydan artıq ola bilməz. 6 aya qədər olan müqavilələrdə maksimum 2 həftə sınaq müddəti müəyyən edilə bilər. Sınaq müddəti yalnız faktiki işlənmiş günləri əhatə edir. Sınaq müddəti tətbiq olunmayan şəxslər  yəni 18 yaşdan aşağı şəxslər, hamilə qadınlar və azyaşlı uşağı olan valideynlər, təhsilini bitirdiyi ildə ilk dəfə işə qəbul edilənlər, müsabiqə yolu ilə vəzifə tutanlar və s".

 

Həmçinin vəkil sınaq müddətinin qanunsuz tətbiqi və işçinin müraciət edə biləcəyi orqanları da açıqlayıb:

 

“Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinin pozulması ilə bağlı əsas nəzarət orqanıdır. Şikayət əsasında yoxlama aparılır və işəgötürənə qarşı inzibati tədbirlər görülə bilər. İşçi əmək müqaviləsinin bərpası, əmək haqqının ödənilməsi və ya kompensasiya tələbi ilə məhkəməyə müraciət edə bilər. Qanunsuz işdən çıxarılma hallarında məhkəmə işçinin işə bərpası barədə qərar verə bilər. Həmkarlar ittifaqları (əgər müəssisədə varsa) işçinin hüquqlarının müdafiəsi üçün işəgötürənlə danışıqlar aparmaq və hüquqi yardım göstərmək səlahiyyətinə malikdir.

 

Qısaca desək, sınaq müddətində işçi bütün əmək və sosial hüquqlardan istifadə edir. Sınaq müddəti maksimum 3 ay, bəzi hallarda isə 2 həftə ola bilər.

 

Qanunsuz tətbiq hallarında işçi əsasən Dövlət Əmək Müfəttişliyi Xidmətinə və məhkəməyə müraciət edə bilər".

 

Aydan Əsgərxanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər