"Sinifdən gülləyə gedən yol"
Son zamanlar uşaqlarda zorakılıq, odlu silahdan istifadə, qətl hadisələrin törədilməsi, erkən böyümə stimulu kimi məsələlər özünü göstərməkdə davam edir. Məhz dünən "İdrak" liseyində 10-cu sinif şagirdinin öz müəllimini odlu silahla güllələməsi bunun bariz nümunəsidir.
Mövzu ilə əlaqədar "İnformator.az"a açıqlamasında Ailə və uşaq psixoloqu Aynur İsmayılova bildirib ki, yeniyetməlik dövründə gənclərdə müəyyən səblərlə əlaqədar aqressiv davranışların yaranması özünü göstərir.
Onun sözlərinə görə, gənclərdə özünəinam, özünü güclü hesab etmək və hormonlarla əlaqədar aqressiv pozuntuların baş verməsi məsələləri ortaya çıxır:
"Məlum məsələdir ki, yeniyetməlik dövründə hər bir yeniyetmə özünü qəhrəman kimi görmək, sübut etmək istəyir. Bundan əlavə, hormonlarla əlaqədar bəzən öz daxillərində çəkişmələr yaşayır, bəzən isə müəllim və valideynlərin sözləri onun özünəinamını aşağı salır. Bu da sonrakı məsələlərin gedişatına mənfi təsir göstərərək onlarda güclü aqressiv pozuntuların meydana gəlməsinə səbəb olur".
Psixoloq əlavə edib ki, yeniyetmənin cəmiyyətdə davranış istiqamətləri özünü sübut etmək, müsbət bir qəhrəman kimi göstərməkdən ibarətdir:
"Bəzi hallarda yeniyetmələr istəmdikdə belə onlarda olan zorakılıq davranış pozuntularına gətirib-çıxarır. Məhz elə dünən baş verən insident kimi, yəni artıq yeniyetmə bir şəkildə hər kəsə sübut etməyə çalışır ki, mən kimisə cəzalandırmağa belə qadirəm. Təbii ki, burada ya yeniyetməyə, ya da müəllimə haqq qazandırmaq da olmaz. Lakin əsas məsələ odur ki, biz valideyn və müəllim olaraq davranışlarımıza, yeniyetmələrə qarşı işlətdiyimiz sözlərə nəzarət etməliyik",-deyə o, fikirlərini yekunlaşdırıb.
Mayıl Soltan
