Siqaret kötükləri: Tullantı deyil, ekoloji təhlükə
Siqaret çəkənlər çox vaxt kötükləri küçələrə, parklara və ya yaşıllıq ərazilərinə atır. Lakin siqaret kötükləri tək tullantı deyil, onlar torpağa, suya və bitki örtüyünə ciddi ziyan vurur. Tərkibindəki toksinlər torpağı çirkləndirir, su canlılarına təhlükə yaradır və şəhər estetikasını pozur.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında ekoloq Rəhilə Əhmədova bildirib ki, bu həm ictimai, həm də günün ən aktual problemlərindən biridir:
“Rayonlarda insan sayının azlığı səbəbilə bu cür hallar o qədər də nəzərə çarpmır. Ancaq şəhərlərdə bu ciddi nəzərə çarpır və böyük təhlükə yaradır. Məsələn, siqaret kötükləri, şəhərdə, bulvarda, eləcə də digər iaşə məntəqələrində-hər yerdə rast gəlmək olur. İnsanlarımızın mədəniyyəti, şüuru, ekoşüuru hələ o səviyyə çatmayıb. Bu tullantıların bioloji təsiri olduqca zərərlidir. Ekoloji maarifləndirmə kampaniyası bizim ən ağrılı yerimizdir. Bəzi yerlərdə tullantı qutuları az qoyulub, ancaq əksər yerlərdə var. Yerindən qalxıb bir neçə metr gedib, o tullantı qabına onu atmağı özlərinə ağır iş bilirlər. Doğrudan da, maarifləndirməyə çox ehtiyacımız var. Dönə-dönə orta məktəblərdə, bağçalarda, universitetlərdə, xüsusən universitet və orta məktəblərdə biz gərək çoxlu söhbətlər aparaq. Biz təhsil ocaqlarında bu cür söhbətlər aparırdıq. Ancaq buna baxmayaraq, belə hallar yenə də baş verir. Əgər bir tələbə, bir şagird, bu cür maariflənsə, təhsili, savadı, dünyagörüşü olsa, mən deyərdim hə yanındakılara da təsir edəcək. Yaxın gələcəkdə biz buna da nail olacağıq”.
Banuçiçək Məmmədova
