00:00:00
Yazar
Admin User
06.02.2026 17:41 43 2 dəq oxuma
Sosial

Şirkətlər məlumatlarını necə qorumalıdır?

Şirkətlər məlumatlarını necə qorumalıdır?

Rəqəmsallaşma artdıqca şirkətlərin topladığı məlumatların həcmi də sürətlə böyüyür. Müştəri bazaları, maliyyə sənədləri, daxili yazışmalar və kommersiya sirrləri artıq əsasən rəqəmsal mühitdə saxlanılır. Bu isə kiberhücum risklərini daha da artırır. Son illərdə həm dünyada, həm də regionda şirkət məlumatlarının sızması ilə bağlı çoxsaylı hallar qeydə alınıb.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında İT mütəxəssisi Elvin Abbasov bildirib ki, kiçik və orta biznes üçün minimal kibertəhlükəsizlik paketi, ilk növbədə, iki faktorlu autentifikasiya (2FA) və müntəzəm ehtiyat nüsxələmə (3-2-1 qaydası) üzərində qurulmalıdır:

 

"Bütün korporativ hesablar ikinci bir təsdiq mərhələsi ilə qorunmalı, vacib sənədlər isə həm buludda, həm də fiziki daşıyıcılarda nüsxələnməlidir. Bundan əlavə, proqram təminatlarının müntəzəm yenilənməsi və işçilərin fişinq hücumlarına qarşı təlimatlandırılması texniki antivirus proqramlarından daha effektiv müdafiə baryeri yaradır. Kiberhücum baş verdikdə atılmalı olan ilk və ən kritik addım infeksiyanın izolyasiya edilməsidir. Hücuma məruz qalan cihaz dərhal şəbəkədən ayrılmalı, lakin tamamilə söndürülməməlidir ki, araşdırma üçün vacib olan operativ yaddaş məlumatları itməsin. Bu addım zərərli proqramın digər serverlərə yayılmasının qarşısını alır və təhlükəsizlik mütəxəssislərinə hadisənin kökünü araşdırmaq üçün vaxt qazandırır.

 

Azərbaycanda kibertəhlükəsizliyə investisiya vəziyyəti hazırda qeyri-bərabər paylanıb: bank və dövlət sektorunda bu sahəyə ciddi büdcə ayrılsa da, özəl şirkətlər, xüsusilə KOB-lar hələ də bu sahəni əlavə xərc kimi görürlər. Regional tendensiyalar və artan sızma halları yerli şirkətləri daha məsuliyyətli olmağa sövq etsə də, beynəlxalq standartların  kütləvi tətbiqi hələ ki, aşağı səviyyədədir. Ümumilikdə, yerli biznesdə reaktiv yanaşma (hadisə baş verəndən sonra tədbir görmək) hələ də proaktiv yanaşmanı (hücumdan öncə qorunmaq) üstələyir".

 

Gövhər Mehyəddinova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər