Səməd Mənsur
Səməd Mənsur cəsarətlə Azərbaycanın yaşadığı müstəmləkəçiliyə etirazını bildirdi. Bu günlərdə arxivdə 1920-30-cu illərdə çap olunan dövrü mətbuatı vərəqləyirdim. Diqqətimi bir çox maraqlı məqalələr, şeirlər cəlb etdi. Onlardan biri dövrün istedadlı yazarı Səməd Mənsurun 1925-ci ildə yazdığı “Bacıoğlunun dayıya ərizəsi”, “Dayının bacıoğluna cavabı” satirik şeirləri oldu. Doğrusunu deyim ki, o zaman bu şeirin çap olunması möcüzəyə bənzəyir. Çünki şeirdə şair Azərbaycanın yaşadığı müstəmləkəçiliyə qarşı üsysnkarcasına etirazını bildirirdi. Həmin şeir haqqında Sizə də məlumat verməyi məqsədəuyğun bildim.
Mətləbə keçməzdən əvvəl onu qeyd edim ki, Səməd Mənsur da həm romantik, həm də realist ədəbi məktəbin nümayəndəsi olub. Mətbuat aləmində Səməd Mənsur kimi tanınan Səməd Hacı Əhməd oğlu Kazımov 1880-cı ildə Bakıda anadan olub. İlk təhsilini rus-müsəlman məktəbində alan S. Mənsur universitet təhsili almayıb. Şair bu haqda sonralar yazırdı: “Çox gənc ikən onbeş-onaltı yaşlarımda kəndi zəhmətlərim sayəsində yaşamağa başladım. Savadsız, məlumatsız meydana atıldım. Daima yazılar ilə, kitablar ilə uğraşardım”.
Ədəbi aləmə şeirlə gələn S.Mənsur yaradıcılığı haqqında “Milli tərəqqiyə doğru” kitabımda (bax: səh, 80-85) geniş məlumat verdiyim üçün bu gün yalnız yuxarıda adını çəkdiyim şeri haqqında məlumat vermək istərdim.
Səməd Mənsur ilk gündən bolşeviklərin ölkə ərazisində apardıqları “siyasət”ə (talana) qarşı çıxıb. Çünki, Moskva ilk gündən özünün imperiya maraqlarını gizlətmir və bu maraqları həyata keçirmək məqsədilə kütləvi həbslər, qətllər həyata keçirirdi. Ölkədə vəziyyət çox ziddiyyətli və anlaşılmaz bir şəkil almışdı. Bu vəziyyət Azərbaycanın ədəbi-mədəni mühitində də davam edirdi. Ən dəhşətlisi isə o idi ki, yazıçı və şairlərin, ziyalıların “siyasi orientasiyalılığı getdikcə aktuallaşırdı. Keçmişdə başqa partiyalarda olan və yaxud milli mənafeyi tərənnüm edən əsərlər yazan sənətkarların həyatı təhlükə qarşısında qalırdı”. Bu təhlükədən qurtulmaq üçün yalnız bir yol var idi. Sovetləri tərənnüm etmək, göz görə-görə ağa-qara, qaraya-ağ demək.
Əlbəttə, milli istiqlaliyyəti hər şeydən üstün tutanlar dövrün amansızlıqlarına qarşı çıxaraq, ömürləri bahasına həqiqəti söyləyirdilər, etrazlarını bildirirdilər. Belə yazarlardan biri də dövrünün tanınmış şairi, naşiri, publisisti Səməd Mənsur idi.
S.Mənsur çəkinmədən yeni qurulmuş “hökuməti” satirik şeirləri ilə tənqid atəşinə tutaraq Azərbaycanın ictimai-siyasi vəziyyətini oxucusuna açıqlaya bilmişdir.
Tədqiqatçıların S.Mənsur yaradıcılığının “manifesti” adlandırdığı “Həpsi rəngdir” şeirində cəmiyyətdəki bütün ziddiyyətli hadisələr təsvir edilir. Və yaxud ədibin “Qoca aşıq” və “Cavan aşıq”ın dilindən yazdığı deyişmədə xalqına qarşı çox amansızlıq edərək Azərbaycanda bolşevizmin qələbə çalmasında canla-başla xidmət edən Mirbəşir Qasımov, Qəzənfər Musabəyov və Azərbaycan xalqına qənim kəsilən Mirzoyanı tənqid atəşinə tutaraq yazırdı:
Mirzoyandı, alov yağır gözündən,
Mirbəşirdir, məna çıxmır sözündən.
Qəzənfərdir, qorxar özü-özündən,
Söz soran aşığa Allah yar olsun.
Azərbaycanın işğalından sonra S.Mənsurun satirası “əsasən ictimai-siyasi həyatdakı anomaliyalara qarşı çıxırdı”. Şairin 1925-ci ildə yazdığı “Bacıoğlunun dayıya ərizəsi” və “Dayının bacıoğluna cavabı” satirik şeiri o zaman ədəbi mühitdə az qala “bomba” kimi partlayıb. Şair ölkənin rus və erməni bolşevikləri tərəfindən talandığını və Azərbaycanın müstəmləkəçiliyinə etirazını bədii dildə bildirib.
Əvvəlki şeirlərindən fərqli olaraq şair burada “son dərəcə kəskin satirik ironiya ilə Dayı (Rusiya) ilə Bacıoğlu (Azərbaycan) arasında gedən gizli həqiqətləri üzə çıxarır, “cəsarətsiz uşaq özündə cəsarət tapıb “kələmərd hövsələsiz” dayıya “həqiqəti” deməyə məcbur olur:
Ay dayı, gəl bölüşək, hər nə ki, var vəlvələsiz,
Mən cəsarətsiz uşaq, sən kələmərd, hövsələsiz.
Yer mənim, lehmə mənim, vışka mənim, neft sənin,
Beləliklə, düzələr, müşkül işi hər kəsənin.
Mənim olsun suları, çayları bu dəryanın,
Balığı, ikrası olsun, a dayı, qurbanın.
Muğanın çölləri, səhrası mənim, arxı mənim,
Pambığı al, sənin olsun, kim olar söz deyənim?
O dəmir yollarının altı mənim, üstü sənin
Yük vaqonları, klaslar, paravoz, tüstü sənin.
Ölkəsinin bütün varidatını “Dayıya” peşkəş verməyə məcbur olan Bacıoğlu əvəzində “Dayı”dan acizanə bunları istəyir:
Can dayı, səndən ufaq bir diləyim var mənim,
Mən ölüm sanma ki, başqa kələyim var mənim.
Mənə bir avtomobil, bir gözəl ev, bir kabinet,
Ver ki, daim eləyim, əmrinə qul tək xidmət,
Bizim el, qorxma, yatıbdır, yeri rahatdır ona
Ona gəl dəyməyinən, bir yekə minnətdir ona.
Bütün arxiv sənədləri və tarixi faktlar sübut edir ki, 1920-ci ilin aprel işğalından sonra ölkəmizin var-dövlətini, təbii sərvətlərini Moskvaya daşıyan “millət xadimlərimiz”, “baş bilənlərimiz” əvəzində xalqını oyatmamağı məsləhət görür. Şair “Dayının bacıoğluna cavabı”ında reallığı daha açıq şəkildə bəyan edərək dayının “böyük qardaş” ədasını qabarıq verir:
Arxada mən işimi sazlayım, əncam çəkim
Azəri türklərini qafil edib damə salım.
Əbləhanə bu xəyalatı başından uzaq et!
Gecə ye bozbaşını, iç çayını, get işə yat.
Yer mənim, neft mənim, kənd ilə xırman da mənim,
Qəsəbə şəhər mənim, bağ ilə gülşən də mənim,
Ortağım yoxdu dənizdə, quruda, dağda-daşda,
Bir özün yaxşı düşün, var isə ağlın başda?
Artıq “Dayı”nın cavabı çox ciddi xəbərdarlıq şəklindədir. Bacıoğlunun Vətənini Qızıl Ordunun köməyilə işğal edib, düşünən başlarını gedər-gəlməzin qurbanı edən “Dayı” bu dəfə bacıoğluna üz tutaraq daha sərt deyir:
Sözümə baxmasan onda çəkərəm Moskvaya,
Səni də bənd edərəm adı görünməz yuvaya.
Azərbaycanın o zamanki siyasi-iqtisadi vəziyyəti şairi çox narahat edirdi. Ona görə də üzünü “bacıoğlularına” tutaraq onları böyük fəlakətdən xəbərdar edir.
Amma şair sonra təəssüflə bildirir ki, bu “bacıoğlular” xalqdan xəbərsiz Mərkəzlə öz işlərini görməkdədirlər.
Tədqiqatçıların fikrincə “20-ci illər Azərbaycan satirik poeziyasında S.Mənsur istisnasını nəzərə almasaq, janrın dinamikasında süstlük və zəiflik yeni keyfiyyətli satiranın inkişafına təkan vermir. Satiraya, gülüşə münasibətin getdikcə sərtləşməsi ilə poeziyanın satirik qolu bir qədər də zəifləyir”.
Dövrün haqsızlıqlarına və ən başlıcası bəzi soydaşlarının məsləksizliyinə dözə bilməyən şairin 1927-ci ildə ürəyi partlayır, dünyasını dəyişir.
BDU-nun professoru Qərənfil Dünyaminqızı
