SOCAR prezidenti Maltanın baş naziri ilə görüşüb
SOCAR prezidenti Rövnəq Abdullayev Malta Respublikasına səfər edib.
İnformator xəbər verir ki, səfər çərçivəsində o, Maltanın baş naziri Cozef Muskat ilə görüşüb.Maltanın enerji naziri Konrad Mizzinin də iştirak etdiyi görüşdə SOCAR-ın bu ölkədə həyata keçirdiyi investisiya layihəsi müzakirə edilib, layihənin qrafikə uyğun şəkildə uğurla icra edildiyi qeyd olunub.
Tərəflər Azərbaycan və Malta arasında enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün mövcud olan imkanlardan danışıb, investisiya layihələrinin genişləndirilməsi perspektivlərini nəzərdən keçirib.
Rövnəq Abdullayev Azərbaycan neft-qaz sənayesində əldə olunan nailiyyətlər, ölkə daxilində və xaricdə həyata keçirilən geniş miqyaslı enerji layihələri barədə məlumat verib.
Malta hökumətinin başçısı Cozef Muskat ötən il Bakıya səfərini xatırladaraq, neft və qaz sektorunda strateji əməkdaşlıq haqqında imzalanmış Anlaşma Memorandumunun əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkan yaratdığını qeyd edib.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.
