00:00:00
Yazar
Admin User
03.02.2026 16:25 121 3 dəq oxuma
Sosial

Solğun xətlər, yüksələn risk: Yol nişanlamalarının təhlükəsizliyə təsiri

Solğun xətlər, yüksələn risk: Yol nişanlamalarının təhlükəsizliyə təsiri

Son illərdə bəzi yollarda asfalt xətlərinin solğunlaşması və ya görünməməsi sürücülər və piyadalar üçün ciddi təhlükə yaradır. Bu, xüsusilə gecə və yağışlı hava şəraitində qəzaların artmasına səbəb ola bilər. Bəs problem yalnız texniki çatışmazlıqdır, yoxsa yol mədəniyyəti və nəzarət məsələləri də rol oynayır?

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev bildirib ki, solğun xətlərin, yol nişanlamalarının təhlükəsizliyə təsiri çoxdur:

 

“Yol hərəkətinin təhlükəsizliyi çox vaxt sürücünün davranışı, avtomobilin texniki vəziyyəti və ya yolun keyfiyyəti ilə əlaqələndirilir. Lakin diqqətdən kənarda qalan, amma bir o qədər də həyati əhəmiyyət daşıyan amillərdən biri asfalt üzərindəki yol nişanlama xətləridir. Bu xətlər sürücüyə və piyadaya səssiz şəkildə yol göstərən, hərəkətin ritmini və sərhədlərini müəyyən edən əsas vizual bələdçilərdir. Son illərdə bir çox yollarda bu xətlərin solğunlaşması və ya tamamilə görünməz hala gəlməsi təhlükəsizlik baxımından ciddi risklər yaradır. Asfalt üzərindəki nişanlama xətlərinin solğunluğu qəzaların artmasına birbaşa təsir göstərir. Çünki bu xətlər hərəkət zolaqlarını, ötmə imkanlarını, dayanma və dönmə qaydalarını aydın şəkildə göstərmədikdə sürücü qərar verməkdə tərəddüd yaşayır. Xüsusilə intensiv nəqliyyat axını olan yollarda zolaqların dəqiq seçilməməsi avtomobillər arasında məsafənin səhv hesablanmasına, qəfil manevrlərə və toqquşmalara səbəb olur. Sürücü yolun sərhədlərini öz təcrübəsinə və ya intuisiyasına əsasən müəyyən etməyə çalışdıqda isə risk daha da artır. Bu halda yol artıq hamı üçün eyni qaydada görünən olmur, hər kəs onu fərqli cür qavrayır və bu da xaos yaradır.Piyadalar üçün solğun xətlərin təhlükəsi daha da yüksəkdir. Xüsusilə piyada keçidlərinin üzərindəki ağ zolaqların silinməsi piyadanın hüquqi və faktiki təhlükəsizliyini zəiflədir. Sürücü piyada keçidini vaxtında görmədikdə sürəti azaltmır və piyadanı gözlənilmədən yolun üzərində görür. Bu isə saniyələrlə ölçülən gecikmə nəticəsində ağır nəticələrə gətirib çıxara bilər. Digər tərəfdən, piyada özü də keçidin dəqiq yerini müəyyən edə bilmədikdə yolu daha riskli nöqtədən keçməyə məcbur qalır. Beləliklə, solğun xətlər təkcə sürücünü deyil, piyadanı da təhlükəli qərarlar verməyə sürükləyir”.

 

Nəbiyev eyni zamanda vurğulayıb ki, gecə və yağışlı hava şəraitində bu problem daha da kəskinləşir:

 

“Normal şəraitdə belə çətin görünən xətlər gecə vaxtı işıqlandırmanın zəif olduğu ərazilərdə demək olar ki, tamamilə yoxa çıxır. Yağış zamanı isə asfaltın parlaması solğun xətləri fonla eyniləşdirir və sürücünün onları seçməsini demək olar ki, mümkünsüz edir. Nəticədə sürücü zolaq dəyişərkən qarşı zolağa keçə, yolun kənarına həddən artıq yaxınlaşa və ya kəsişmələrdə səhv mövqe tuta bilər. Bu cür şəraitdə baş verən qəzalar adətən daha ağır olur, çünki sürücünün reaksiyası gecikir və vəziyyəti düzgün qiymətləndirmək üçün kifayət qədər vizual məlumat olmur. Bu problemi yalnız texniki çatışmazlıq kimi qiymətləndirmək düzgün olmazdı. Əlbəttə, keyfiyyətsiz boya, düzgün texnologiyadan istifadə edilməməsi və vaxtında bərpa işlərinin aparılmaması əsas səbəblərdəndir. Lakin yol mədəniyyəti və nəzarət məsələləri də burada mühüm rol oynayır. Yol nişanlamalarına münasibət çox vaxt ikinci dərəcəli məsələ kimi qəbul edilir, halbuki onlar yolun danışan dilidir. Nəzarət mexanizmləri effektiv işləmədikdə, solğun xətlər uzun müddət bərpa olunmadan qalır və təhlükə adi hala çevrilir. Bu isə cəmiyyətdə riskə alışma yaradır və qəza baş verdikdə səbəb kimi yalnız sürücü faktoru ön plana çəkilir. Nəticə etibarilə, asfalt üzərindəki nişanlama xətləri sadəcə boya ilə çəkilmiş cizgilər deyil, yol təhlükəsizliyinin əsas sütunlarından biridir. Onların solğunlaşması görünməz, amma real risk yaradır. Bu risk həm sürücünün qərarvermə prosesini zəiflədir, həm piyadaların təhlükəsizliyini azaldır, həm də gecə və əlverişsiz hava şəraitində qəzaların sayını artırır. Problemin həlli isə yalnız texniki bərpa ilə yox, sistemli nəzarət, düzgün planlama və yol təhlükəsizliyinə yanaşmada prioritetlərin dəyişdirilməsi ilə mümkündür. Bir sözlə yollara nəzarət edən və xətləri çəkən məsuliyyətsiz qrumlar öz vəzifə borclarını yerinə yetirnir. Milyonlarla pullar ayrılır ancaq keyfiyyətsiz boya çəkərək gözdən pərdə asırlar. İlk baxışdan görsənir ki, yeyintiyə yol verilir deyə yollarımız bərbad hala düşür”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər