Son 5 ildə müəllimlərin sayında 9 mindən çox azalma qeydə alınıb
Elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzində” verilişində bildirib ki, 2021-ci ildə orta əməkhaqqı 533 manat idisə, 2022-ci ildə bu rəqəm 720 manata, 2023-cü ildə isə 830 manata yüksəlib. Artım 2024-cü ildə də davam edib və orta aylıq əməkhaqqı 920 manata çatıb. 2025-ci il üçün bu göstərici 965 manata yüksəlib.
O bildirib ki, əməkhaqlarının artımı ilə yanaşı, son 5 ildə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sayında da dəyişiklik baş verib:
“2021-ci ildə 130 min 109 nəfər müəllim fəaliyyət göstərirdisə, bu rəqəm 2022-ci ildə 129 min 969 nəfər, 2023-cü ildə 129 min 340 nəfər olub. 2024-cü ildə müəllimlərin sayı 127 min 273 nəfərə düşüb. 2025-ci il üçün proqnoz isə 120 min 747 nəfər təşkil edir”.
Mövzu ilə bağlı təhsil eksperti Vüsət Əzizov “İnformator.az”a açıqlamasında bildirib ki, bütün bu işlər təhsilin keyfiyyətinin yüksəldilməsi üçündür:
“Təbii ki, bu, 2022-ci ildən etibarən keçirilən müəllimlərin sertifikasiya imtahanı ilə bağlıdır. Bildiyimiz kimi, sertifikasiya imtahanında müəllimlərə təqdim olunmuş suallardan ən azı altmış sualdan otuz bal toplamaq lazım idi və otuz bal toplaya bilməyən müəllimlərə ikinci şans verilirdi və ikinci şansda da otuz baldan yuxarı nəticə göstərə bilmədikdə əmək müqaviləsinə xitam verilirdi. 2027-ci ildə sertifikasiyanın ikinci proseduru da başlayacaq. Yəni 2026-cı ildə bütün fənn müəllimləri üzrə sertifikasiya imtahanı yekunlaşacaq və bundan sonra da müəllimlərin sayında azalmalar müşahidə olunacaq. Bu o demək deyil ki, müəllimlərin əmək müqaviləsinə xitam verildikdə onların yeri boş qalır. Hər il MİQ imtahanı keçirilir və artıq burada kifayət qədər yüksək bal toplamış yeni namizədlər həmin boş qalan vakansiyaları tutur. Burada əsas məsələ müəllimlərin sayının azalması deyil. Burada keyfiyyətli təhsil də önəmlidir. Çünki imtahanlardan yüksək nəticə göstərən müəllimlər məktəblərdə fəaliyyət göstərirlər. Ona görə də burada müəllimlərin sayının azalması onunla bağlıdır ki, müəllimlərin əmək müqaviləsinə son verilib və təbii ki, burada daha savadlı müəllimlər qalıblar və onların əmək haqqında müvafiq olaraq on faiz və ya otuz beş faiz artım olub və Müəllimlərin İşə Qəbulu İmtahanında yüksək nəticə göstərən şəxslərin sayı da kifayət qədər artıb”.
Ekspert həmçinin bunu da qeyd edib ki, müəllimlərin sayının azaldılması təhsilin keyfiyyətinə müsbət mənada təsir göstərəcək:
“Çünki artıq daha savadlı müəllimlər məktəblərdə dərs keçəcəklər. Son dövrlər ciddi şəkildə müzakirələrə səbəb olan məsələlərdən biri də müəllimlərin tam ştat şəkildə əmək fəaliyyətinin başlamasıdır. Bu da ictimaiyyətdə ciddi şəkildə maraq doğurur. Bu məsələlərin, əlbəttə müsbət və mənfi tərəfləri də var. Amma hər halda bu ictimai müzakirədədir. Bu fikirlər Elm və Təhsil naziri üçün maraqlıdır ki, ictimaət burada hansı fikirləri səsləndirəcək. Hər bir halda, müəllimlərlə bağlı olan siyasətin həyata keçirilməsi məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsinə və eyni zamanda müəllimlərin rifahının yüksəldilməsinə gətirib çıxarır. Bütün bu məsələlər hamısı Elm və Təhsil Nazirliyinin nəzarətindədir. Artıq bununla bağlı da mütəmadi şəkildə ictimaiyyətə ətraflı məlumat veriləcək. Çünki Elm və Təhsil naziri cənab Emin Əmrullayev də vurğulayır ki, bəzən ictimaiyyət fikirləri səhv başa düşür və artıq bununla bağlı olaraq qarşıdakı illər ərzində ciddi şəkildə ictimaiyyətə məlumat veriləcək ki, hansı şəkildə bu prosedur həyata keçiriləcək. Yəni hər bir halda bütün bu layihələrin hər biri təhsilin keyfiyyətinin yüksəldilməsinə yönələn işlərdir”.
Lalə Qurbanlı
