00:00:00
Yazar
Lalə Qafarova
26.02.2026 20:54 19 3 dəq oxuma
Sosial

Son günlərin strategiyası: Buraxılış imtahanına necə hazırlaşmalı?

 Son günlərin strategiyası: Buraxılış imtahanına necə hazırlaşmalı?

Buraxılış imtahanlarına artıq sayılı günlər qalıb. Bu mərhələ abituriyentlər üçün həm həyəcanlı, həm də həlledici dövr hesab olunur. Qısa müddətdə mövzuları sistemləşdirmək, zəif tərəfləri gücləndirmək və psixoloji sabitliyi qorumaq əsas prioritetə çevrilir.

 

"İnformator.az" abituriyent və ekspertlərin fikirlərini öyrənib.

 

“Oxuyuram, amma sanki yadımda qalmır…”

 

İmtahana hazırlaşan abituriyentlərdən biri son günlərin gərginliyini belə təsvir edir:

 

"Artıq çox az vaxt qalıb və həyəcanım getdikcə artır. Gecələr demək olar ki, yata bilmirəm. Gün ərzində iki saat yatıram, qalan vaxtı isə dərsləri təkrar edirəm. Eyni kitabı dəfələrlə oxuyuram, amma yenə də düşünürəm ki, sanki heç nə yadımda qalmayıb.
 

Riyaziyyat, Azərbaycan dili və ingilis dilini bir gündə tam şəkildə oxuya bilmirəm. Ona görə hər gün bir fənn seçirəm. Amma bəzən bu da qarışıqlıq yaradır və daha çox yorur".

 

Abituriyent əsasən qısa planlardan və konspektlərdən istifadə etdiyini bildirir:

 

"Qısa qeydlər hazırlayıram, zəif olduğum mövzulara fokuslanıram. Sadəcə, bunun nə qədər effektli olacağını bilmirəm. Ümid edirəm ki, zəhmətimin qarşılığını görəcəyəm".

 

Güclü fənlərə fokuslanmaq daha doğrudur?

 

Digər bir abituriyent isə fərqli strategiya seçib. O düşünür ki, son həftədə zəif fənni sıfırdan gücləndirmək real deyil:

 

"Riyaziyyat mənim zəif fənnimdir. Sınaqlarda 20-30 bal toplayıram. Amma Azərbaycan dili daha yaxşıdır. Qərara aldım ki, güclü olduğum fənni daha da möhkəmləndirim".

 

Onun fikrincə, zəif sahəyə həddindən artıq fokuslanmaq həm vaxt itkisinə, həm də əlavə stressə səbəb ola bilər:

 

"Onsuz da həyəcan var. Zəif fənnə çox vaxt ayırıb yenə istədiyim nəticəni ala bilməsəm, həm vaxtım, həm də əməyim boşa gedər".

 

Bəs ekspertlər məsələyə necə yanaşırlar?

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti, Əmrah Həsənli bildirib ki, buraxılış imtahanına sayılı günlər qaldıqca həyəcanın artması təbiidir:

 

"Amma mən həmişə abituriyentlərə deyirəm ki, bu mərhələ yeni mövzu öyrənmək mərhələsi deyil, artıq bildiyini sistemləşdirmək mərhələsidir. Son günlərdə əsas məqsəd informasiyanı artırmaq yox, mövcud bilikləri dəqiqləşdirmək və səhvləri minimuma endirmək olmalıdır.

Az qalmış dövrdə dərsləri xaotik şəkildə deyil, planlı və selektiv formada təkrar etmək lazımdır. Şagird əvvəlcə özünə dürüst qiymət verməlidir: hansı mövzuları yaxşı bilir, hansı mövzularda isə səhv faizi yüksəkdir. Test banklarında və ya sınaqlarda buraxılan səhvlər analiz edilmədən edilən təkrar sadəcə vaxt itkisinə çevrilir. Mən tövsiyə edirəm ki, son mərhələdə hər gün bir əsas fənn üzrə zəif mövzular seçilsin, qısa nəzəri xülasə oxunsun və dərhal həmin mövzu üzrə testlə möhkəmləndirilsin. Bu, həm yaddaşı aktiv saxlayır, həm də real imtahan rejiminə uyğunlaşmanı gücləndirir".

 

Eyni zamanda Əmrah Həsənli vurğulayıb ki, sxematik təkrar üsulu xüsusilə effektivdir:

 

“Uzun-uzadı mətnləri yenidən oxumaq əvəzinə mövzunu açar sözlər, cədvəllər, müqayisəli sxemlər və qısa qeydlərlə ümumiləşdirmək daha faydalıdır. Məsələn, ədəbiyyatda əsər-müəllif-janr-mövzu xətti üzrə mini-cədvəl, tarixdə hadisə-tarix-səbəb-nəticə sxemi, riyaziyyatda isə düsturların tətbiq sahələrini göstərən qısa blok-sxemlər yaddaşı daha aktiv işlədilir. Beyin vizual strukturu daha tez qəbul edir. Bundan əlavə, “özünə izah etmə” metodu çox təsirlidir: şagird mövzunu sanki kiməsə danışırmış kimi yüksək səslə izah etdikdə boşluqlar dərhal üzə çıxır.

Son günlərdə bütün mövzuları sıfırdan təkrar etmək real deyil və buna cəhd etmək əlavə stress yaradır. Daha doğru yanaşma prioritetləşdirmədir. Statistik olaraq imtahanlarda daha çox düşən, baza xarakterli və yüksək bal gətirən mövzulara fokuslanmaq daha rasionaldır. Zəif bildiyi, amma tez qavranılan mövzular da siyahıya salına bilər. Lakin tam mənimsənilməmiş çətin və vaxt aparan mövzulara son anda həddindən artıq enerji sərf etmək risklidir. Son günlər psixoloji sabitlik akademik təkrardan daha önəmlidir. Yuxu rejimi pozulmuş, panikaya düşmüş şagird bildiyini də tətbiq edə bilmir. İmtahana 2-3 gün qalmış artıq ağır test yüklənməsi azaldılmalı, daha çox yüngül təkrar və səhvlərin gözdən keçirilməsi edilməlidir.

Buraxılış imtahanı marafonun son sprintidir. Bu mərhələdə sürətli qaçmaq yox, düzgün temp saxlamaq qalibiyyət gətirir. Sistemli təkrar, səhv analizi və psixoloji balans, uğurun əsas açarı məhz budur".

 

Reyhan Quliyeva

 

#xəbər #imtahanına #buraxılış #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər