Sosial mediada məşhurluq
Rəqəmsal dövrdə sosial mediada aktiv olmaq yalnız paylaşım etmək deyil, özünü ifadə formasıdır. İnsanlar onlayn mühitdə gördükləri diqqət və reaksiyalar vasitəsilə sosial qəbul hissini yaşayırlar. Bu isə onların özünəinamına və real həyatda davranışlarına təsir göstərə bilir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında süni intellekt üzrə mütəxəssis Abdulla Abdullayev bildirir ki, trendə uymaq yaxşıdır, amma effekti qısa müddətlidir:
"Sosial mediada məşhur olmaq bir zamanlar sadəcə trend olsa da, artıq zamanla peşəyə çevrilməyə başlayıb. Bunu bloggerlik fəaliyyəti ilə məşğul olan şəxslərin VÖEN və vergi məcburiyyəti də sübut edir.
Sosial mediada fəallığın, məncə, ən önəmli məqamı məsuliyyətdir. Bir blogger yaxud sosial mediada tanınmış sima etdiyi işin məsuliyyətini anlamalıdır. Onun kontentinin uşaqlar üçün nə qədər əlçatan olduğunun fərqində olmalıdır. Məzmununu bu kimi faktorları nəzərə alaraq yaratmalıdır.
Sosial mediada məşhurluq alqoritmləri anlamaq, məzmun yaradıcılığına kreativ yanaşmaq və ən əsası davamlılıqdan asılıdır.
Tanınmış sima olmaq sənətin keyfiyyətini artırdığını düşünmürəm. Sənətin keyfiyyətini artıran faktor sənəti çox yaxşı bilmək, həmin yöndə özünü inkişaf etdirməklə əlaqəli olduğunu düşünürəm.
Məşhurluq sənətin keyfiyyətini artırır, onu kommersiyalaşdırır? Belə düşünək, 2 rəssam var: biri sosial mediada aktivdir, digəri isə istifadə etmir. Sosial mediada tanınmış rəssam yaxşı rəssam olmaya bilər. Buna baxmayaraq, onun əsərlərini satması daha sürətli olacaq. Digəri isə çox yaxşı olsa belə, insanların ondan xəbəri olmaya bilər.
Sosial mediada tanınmaq üçün istedad faydalı ola bilər, amma davamlılıq daha önəmlidir".
Ayisə Şərifova
