00:00:00
Yazar
Admin User
05.02.2026 17:17 42 2 dəq oxuma
Sosial

Sosial mediada qısa videoların psixoloji təsirləri

Sosial mediada qısa videoların psixoloji təsirləri

Sosial mediada yayımlanan qısa videoların insan şüuruna təsiri son vaxtlar geniş şəkildə gündəmə gəlib. Bu videoların tez-tez izlənməsi diqqətin yayınmasına, emosional həssaslığın artmasına və davranış dəyişikliklərinə səbəb ola bilər. Xüsusilə uşaq və yeniyetmələr arasında qısa, sürətli templə hazırlanan videoların istifadəsi diqqət fokusunun azalmasına, ekran qarşısında daha uzun vaxt keçirilməsinə və informasiyanın mənimsənilməsində çətinliklərə gətirib çıxara bilər.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında psixologiya üzrə fəlsəfə doktoru, Orvita Psixoloji Reabilitasiya Mərkəzinin və Orvita Autizm Evinin təsisçisi və direktoru, Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının İdarə Heyətinin üzvü Ramidə Oktayqızı bildirib ki, müasir dövrdə qısa videolarla çox tez-tez qarşılaşırıq:

 

“Əvvəllər bir dəqiqəlik videolara baxırdıqsa, sonradan bu müddət 30 saniyəyə endirildi. Daha sonra isə 30 saniyəlik videolar 15 saniyəyə qədər azaldıldı. Bu da ondan irəli gəlir ki, insan artıq diqqətini 15-20 saniyədən çox bir nöqtəyə yönəldə və fokuslaya bilmir. Burada diqqətin konsentrasiyasının, yəni davamlılığının pozulduğunu müşahidə edirik. Eyni zamanda insanların gün ərzində çoxlu sayda informasiyaya məruz qalması vaxt məhdudiyyəti hissini artırır. Bu amillər insan psixikasına həm müsbət, həm də mənfi təsir göstərir. Nəticədə insanlarda diqqət əskikliyi formalaşmağa başlayır. İnsanlar qarşı tərəfi sona qədər dinləmədən öz fikir və münasibətlərini bildirməyə çalışırlar ki, bu da empati qurma bacarığının zəifləməsinə, başqalarının duyğularına laqeyd yanaşılmasına səbəb olur. Ən əsası isə bu proses insanlar arasında ünsiyyətin azalmasına gətirib çıxarır. Ünsiyyətin zəifləməsi bir-birini anlamama, sona qədər dinləməmə kimi halları artırır. Dinləmə prosesinin azalması təkcə sosial münasibətlərdə deyil, eyni zamanda pedaqoji və təhsil yönümlü sahələrdə də ciddi problemlərin yaranmasına səbəb olur". 

 

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər