Sosial Medianın Tələsi
Instagram - 1,2 milyarddan çox qeydiyyatdan keçmiş istifadəçisi ilə dünya üzrə ən populyar sosial şəbəkələrdən biridir. Lakin bu platforma arxasında yalnız gözəl fotolar və paylaşımlar yox, həm də davamlı “like” ovçuluğu və ideala çatmaq təzyiqi dayanır. Çox az insan bilir ki, bu “pərdə”nin arxasında nə baş verir.
İlkin illərdə Instagram sadə bir platforma idi: insanlar şəxsi və ailə fotolarını, həyatdakı hadisələri paylaşırdılar. Hər şey nizamlı gedirdi, ta ki 2012-ci ildə Facebook Instagramı 1 milyard dollara alana qədər. Bu alınma platformanın tarixində yeni mərhələnin başlanğıcı oldu. İllər keçdikcə Instagram-a Story funksiyası əlavə olundu, blogerlərlə reklam əməkdaşlıqları başladı, iri şirkətlər məhsullarını reklam vasitəsilə platformaya daxil etməyə başladılar - bəzən bu məhsullar insan sağlamlığına zərər verə bilərdi. İlk mühəndislərdən biri olan Greg Holmud bildirib ki, müəyyən məqamda platformanın yaradıcıları öz “yaradıcılıqları” üzərində nəzarəti itirdiklərini başa düşdülər. Instagram sürətlə böyüyərək “öz həyatını” yaşamağa başladı.
İlk məqsəd - istifadəçiyə özünün daha yaxşı versiyasını göstərmək- itdi. Bugünkü Instagram isə insanları “ideal” olmağa məcbur edir. Bu, həm psixoloji, həm də fiziki sağlamlıq üçün təhlükəli ola bilər. Məsələn, platforma gənc qızları həddindən artıq arıqlamağa, gənc oğlanları isə daim formda və əzələli olmağa sövq edir. Alqoritmlər əvvəlcə gözümüzə “ideal” insanları göstərir, biz isə özümüzü onların yanında yetərsiz hiss edirik. Nəticədə qızlar müxtəlif dərman və hətta Ozempik kimi vasitələrdən istifadə edərək tez bir zamanda arıqlamağa çalışırlar. Son illərdə modellər ABŞ-də 2000-ci illərin əvvəllərində məşhur olan “Heroin Chic” stilini yenidən populyarlaşdırdılar, lakin həkimlərin dediyinə görə bu, orqanizm üçün ciddi risklər daşıyır və bəzən ölümcül nəticələrə gətirib çıxarır.
Instagram'ın başqa bir təhlükəsi isə “like” və “hype” axtarışının gənclər arasında radikallaşmasıdır. ABŞ-də baş vermiş bir hadisə bunun dramatik nümunəsidir: Louisiana ştatında Walmart ticarət mərkəzində 15 yaşlı qızın qətlə yetirilməsi 12–14 yaşlı dörd yeniyetçinin əməlləri nəticəsində baş verdi və hadisə canlı yayımlanıb. Qurban xəstəxanada dünyasını dəyişdi. Bu hadisə göstərir ki, sosial media bəzən gənclərin davranışlarını ciddi şəkildə deformasiyaya uğrada bilər və əgər bunun qarşısı alınmazsa, sosial böhranlara səbəb ola bilər.
Instagram kimi sosial şəbəkələr mövcud olduğu müddətcə bu problemlər tamamilə həll olunmayacaq. Milyardlarla istifadəçiyə nəzarət etmək mümkün deyil. Yalnız özümüzə güvənməli, bir-birimizə dəstək olmalı və psixoloji, fiziki sağlamlığımızı qorumağa çalışmalıyıq.
Ayxan Məlikzadə
