00:00:00
Yazar
Admin User
25.12.2025 18:55 152 2 dəq oxuma
Sosial

Sosial şəbəkə dələduzluğu

Sosial şəbəkə dələduzluğu

Vətəndaşlar sosial şəbəkələrdə yayılan saxta investisiya sxemlərinin qurbanı olub. Vətəndaşlardan biri TikTok platformasında fəaliyyət göstərən “Gülnarəylə Qazanc” adlı saxta investisiya səhifəsinə 30 manat yatırdığını və nəticədə aldadıldığını bildirib.

 

Mövzu ilə bağlı vəkil Elvin Əliyev “İnformator.az”a açıqlamasında bildirib ki, dələduzluq cinayətlərində birbaşa cinayət məsuliyyətini hüquqi şəxs deyil, fiziki şəxslər daşıyır:

 

“Sosial şəbəkələrdə yayılan saxta investisiya təklifləri hüquqi baxımdan ciddi məsuliyyət yaradır və bu cür hallarla üzləşən şəxslərin hüquqlarının qorunması üçün qanunvericilikdə həm cinayət, həm də mülki mexanizmlər nəzərdə tutulub. Mütəxəssislər bildirirlər ki, bu cür hallarda sübutların vaxtında toplanması və aidiyyəti qurumlara operativ müraciət edilməsi həlledici əhəmiyyət daşıyır.

 

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən, dələduzluq etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qiymətləndirilir. Maddənin məzmunundan da göründüyü kimi, əmlakın hansı üsulla ələ keçirilməsindən asılı olmayaraq, bu cür əməllər dələduzluq cinayəti hesab olunur. Əgər törədilmiş əməldə Cinayət Məcəlləsinin digər maddələrinin tərkibi də mövcuddursa, həmin əməl bir neçə maddə üzrə tövsif edilə bilər".

 

Müsahibimizin sözlərinə görə, qanunvericiliyə görə, Cinayət Məcəlləsinin 156-cı maddəsi şəxsi məlumatların qanunsuz əldə edilməsini nəzərdə tutur:

 

"Bu maddə çərçivəsində zərərçəkmiş şəxslərin bank kartı məlumatlarının, login və parollarının, eləcə də digər fərdi məlumatlarının ələ keçirilməsi halları məsuliyyət yaradır. Eyni zamanda, Cinayət Məcəlləsinin 271-1-ci maddəsinə əsasən kompüter məlumatlarına qanunsuz müdaxilə də cinayət hesab olunur. Bu kateqoriyaya saxta internet saytları, fişinq linkləri, botlar və digər rəqəmsal vasitələrdən istifadə etməklə törədilən əməllər daxildir.

 

Belə bir hadisə baş verdikdə, zərərçəkmiş şəxs dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verməlidir. Bundan əlavə, zərərçəkən şəxs cinayət işi çərçivəsində mülki iddia qaldıra bilər. Mülki iddia cinayət nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə irəli sürülür və zərərin kompensasiyasına hüquqi əsas yaradır.

 

Qeyd olunur ki, dələduzluq cinayətlərində birbaşa cinayət məsuliyyətini hüquqi şəxs deyil, fiziki şəxslər daşıyır. Hüquqi şəxs daxilində törədilən dələduzluq hallarında isə məsuliyyət həmin hüquqi şəxsin direktoru və ya dələduzluq əməlini bilavasitə törətmiş əməkdaşın üzərinə düşür. Hüquqşünaslar vətəndaşları sosial şəbəkələrdə yayılan şübhəli investisiya təkliflərinə qarşı diqqətli olmağa və riskli hallarda dərhal hüquqi yardım almağa çağırırlar”.

 

 

Aydan Əsgərxanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər