Sosial şəbəkələr gənclərin psixologiyasına təsiri
Son illərdə sosial şəbəkələrin istifadəsi gənclər arasında sürətlə artıb. Ekspertlər bildirirlər ki, sosial şəbəkələrdə həddindən artıq vaxt keçirmək, başqaları ilə davamlı müqayisə aparmaq və kiberbullinq kimi hallara məruz qalmaq, gənclərin psixoloji vəziyyətinə mənfi təsir göstərir və onların gündəlik fəaliyyətlərini əhəmiyyətli dərəcədə dəyişdirir.
Mövzu ilə bağlı psixoloq Aydan Məmmədova “İnformator.az”a açıqlamasında bildirib ki, sosial şəbəkələr gənclərin emosional inkişafında həm müsbət, həm də mənfi təsirlərə malikdir:
“Sosial şəbəkələr gənclərə özünüifadə imkanı verir, maraqlarını paylaşmaq, dostları və həmyaşıdları ilə əlaqə yaratmaq üçün geniş platformadır. Lakin həddindən artıq istifadə gənclərdə real həyatdan uzaqlaşmaya, emosional boşluğa və tükənməyə səbəb olur. İnsan ünsiyyəti yalnız sözlərlə deyil, həm də bədən dili, üz ifadələri və jestlərlə həyata keçirilir. Sosial şəbəkələrdə isə bu qeyri-verbal ünsiyyətin böyük hissəsi itir, nəticədə gənclər emosional bağlılıq və sosial bacarıqlardan məhrum olurlar. Virtual həyatla real həyat arasındakı fərqin azalması, gənclərdə diqqət əskikliyi, yuxu və qida pozuntuları, depressiya və anksiyete hallarının artmasına gətirib çıxarır. Sosial izolasiya, asosial davranışlar və real ünsiyyət bacarıqlarının zəifləməsi, bu yaş qrupunda müşahidə olunan başlıca problemlərdir. Sosial şəbəkələrdə başqalarının idealizə edilmiş həyatları ilə müqayisə etmək, gənclərdə özünəinamın zəifləməsinə, kifayət etməmə hissinin yaranmasına və emosional balansın pozulmasına gətirib çıxarır. Gənclər başqalarının həyatını daim müqayisə edərək özlərini aşağı hiss edirlər. Bu isə həm sosial münasibətlərdə, həm də ailə daxilində çətinliklər yaradır. Uşaqların özünüqiymətləndirməsi və mənəvi sağlamlığı ciddi təhlükə altındadır. Gənclər həmçinin, bu müqayisələr nəticəsində real həyatdan qaçaraq, virtual aləmdə özünü tapmağa çalışırlar ki, bu da sosial adaptasiyanı zəiflədir”.
Həmçinin psixoloq bildirib ki, valideynlər və məktəblər sosial şəbəkə asılılığının qarşısını almaq üçün aktiv rol oynamalıdır:
"Sadəcə qadağalar yetərli deyil. Valideynlər uşaqlarla açıq dialoqlar aparmalı, sosial şəbəkələrin fayda və zərərlərini müzakirə etməli, həmçinin özləri nümunə olmalıdırlar. Məktəblərdə maarifləndirmə dərsləri keçirilməli, gənclər sosial şəbəkələrdə davranışlarını idarə etməyi öyrənməlidir. Hobbilər, idman, yaradıcılıq kimi məşğuliyyətlər gəncləri real sosial fəaliyyətlərə cəlb edir və psixoloji sağlamlığı gücləndirir. Sosial şəbəkələrin regional və qlobal perspektivinə də diqqət çəkib. Dünya miqyasında gənclər arasında sosial şəbəkələrin istifadəsi bir çox ölkələrdə oxşar psixoloji problemlərə yol açır. Bu baxımdan, Azərbaycan gənclərinin də beynəlxalq trendlərlə eyni təhlükələrə məruz qalması ehtimalı yüksəkdir. Ona görə də, valideynlər, məktəblər və dövlət qurumları gənclərin sağlam inkişafı üçün qabaqlayıcı tədbirlər görməlidir. Sosial şəbəkələrdən balanslı və məqsədəuyğun istifadə, gənclərin psixoloji vəziyyətini qoruyur və onların sosial bacarıqlarını inkişaf etdirir. Lakin asılılıq, həddindən artıq istifadə və başqaları ilə davamlı müqayisə, gənclərin emosional, sosial və akademik həyatına mənfi təsir göstərir. Bu səbəbdən həm valideynlər, həm müəllimlər, həm də cəmiyyətin digər üzvləri gənclərə dəstək olmalı, onları sosial şəbəkələrdə sağlam davranış və özünüifadə mövzusunda maarifləndirməlidirlər”.
Ayşə Müzəfərli
