Sosial şəbəkələr idmana marağı artırırmı?
Müasir dövrdə sosial şəbəkələr insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Xüsusilə gənclər vaxtlarının böyük hissəsini bu platformalarda keçirirlər. Sosial şəbəkələrdə paylaşılan idman videoları, məşq proqramları və motivasiyaedici paylaşımlar bir çox insanın idmana marağını artırır. Lakin bununla yanaşı, sosial şəbəkələrin idmana təsiri həm müsbət, həm də mənfi tərəfləri ilə müzakirə olunur.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında fitness müəllimi Rəşid Rəşidli bildirib ki, ilk baxışda bu cür motivasiya paylaşımları insanlarda maraq oyadır, istək yaradır:
"Lakin bəzən bu motivasiyalar əks təsir də göstərə bilər. Məsələn, biri çıxıb deyir ki, mən bir ayda dəyişdim, iki ayda bədənim belə olub və s. Bu tip paylaşım və videolar izləyicidə mən niyə belə deyiləm? hissini yarada bilər. Halbuki, çoxları bu nəticələrə real olaraq yox, sadəcə görüntü və ya filtr vasitəsilə çatır və ya fərqli metodlardan bəzən sağlam olmayan yollardan istifadə edirlər. Bu da digər izləyiciləri yanlış istiqamətə yönəldə bilər. Kimsə həmin nəticəyə çatmaq istəyir, amma öz genetikası və həyat tərzinə görə eyni effekti ala bilmir. Bu zaman motivasiya əvəzinə ruh düşkünlüyü yaranır. Halbuki o insan başa düşsə ki, öz halı ilə yavaş-yavaş, təbii şəkildə inkişaf edir, bu daha sağlam və davamlı nəticə verəcək. Sadəcə, düzgün məşq metodlarına, balanslı qidalanmaya və fərdi yanaşmaya ehtiyac var. Problem ondadır ki, sosial mediada hər kəs belə eləyir kimi təqdim olunan şeylər, əslində, hər kəs üçün uyğun olmaya bilər. Motivasiya verənlər işin arxa planından nə qədər əmək sərf etdiklərindən, necə qidalandıqlarından və ya hansı dəstəklərdən istifadə etdiklərindən danışmırlar. Onlar yalnız nəticəni göstərirlər. Motivasiya paylaşımları bir tərəfdən yaxşıdır başlanğıc üçün istək yaradır. Amma digər tərəfdən, real gözləntisi olmayan insanda bu, tez ruhdan düşməyə, prosesin yarımçıq qalmasına səbəb ola bilər. Ona görə də hər kəs öz bədəninə, gücünə və imkanlarına uyğun yol seçməlidir".
Gövhər Mehyəddinova
