Sosial şəbəkələrdə edilən online alış verişlərdə rəylərin təsiri
Rəqəmsal dövrdə istehlakçının alış qərarına təsir edən əsas amillərdən biri sosial şəbəkələrdəki rəy və şərhlərdir. Brendlər üçün bu rəylər həm satışların artırılması, həm də etibarın formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyır. Rəylərin idarə olunması artıq marketinqin ayrılmaz sahəsinə çevrilib.
Mövzu ilə bağlı elektron ticarət üzrə mütəxəssis Nicat Manafov bildirib ki, bəzi markalar müvafiq ödəniş edərək, sosial şəbəkə paylaşımlarına çoxlu "like" və "müsbət şərhlər" sifariş edirlər:
“Bunu aşkarlamaq çox çətindir, ancaq xüsusi alətlərlə bilmək olur ki, saxtadır yoxsa real. İndi süni intellekt alətlərinin köməyi ilə elə rəylər yazılır ki, ümumiyyətlə şərhlərə güvənmək olmur. Burada daha çox istehlakçılar həmən markaya aid icmalları Youtube və digər platformalarda araşdırır. Sırf bu icmallar istehlakçıların alışına bir-başa təsir edir. İnflunserlərin də ağız dolusu yalandan təriflə, ödəniş müqabilində paylaşdığı məzmunlar istehlakçıların alışında demək olar ki, təsir yaratmır, amma markalar daha çox kütləyə çatsın deyə rəqəmsal platforma təsirçilərini istifadə edirlər. Rəy çox, satış azdırsa bunun səbəbi rəylərin saxta olmasıdır. Hamı tərəfindən bəyənilən məhsulun satışı necə az ola bilər? İnsanların əsl rəyləri bir-birlərinə ağız-ağızdan ötürdüyü mesajlardır. Online alış-verişdə real və saxta rəyləri ayırd etmək üçün 3-cü tərəf rəy platformaları var, oradakı rəylər etibarlı hesab olunur və ən əsası video icmallar da. Saxta rəyləri ayırd etmək çox asandır, onlar əsasən influnserlərin etdiyi kimi markanı ancaq tərifləyirlər. Dünyada elə bir məhsul yoxdur ki, 5də 5 mükəmməl olsun.İnflunserlər (RPT) son dövrlərdə ödəniş qarşılığında istənilən pis məhsulu tərifləməyə başlayıblar. Bunu istehlakçı rəyi kimi təqdim edirlər. Tövsiyyəm isə influnserlərin rəylərinə istehlakçılar şübhə ilə yanaşmalıdır”.
Mütəmadi olaraq online alış-veriş edən Elmira Novruzova bildirib ki, vaxtaşırı olaraq online alış-veriş edir:
“Mənə daha rahat gəlir, çünki həm vaxt itirmirəm, həm də müxtəlif məhsullarla tez zamanda tanış olmaq imkanım olur. Fiziki mağazaya getmədən qiymətləri müqayisə etmək, alternativləri görmək və əvvəlki alıcıların rəylərini oxumaq mənə seçim etməkdə çox kömək edir. Üstəlik, gündəlik iş-güc arasında vaxt itirmədən sifariş vermək böyük üstünlükdür. Məyus olduğum hallar da olub. Bəzən məhsul şəkillərdə daha keyfiyyətli görünür, amma realda fərqli olur. Həmçinin ölçü məsələsində də yanıldığım vaxtlar olub. Bu kimi hallar məni məyus edib.Etibarlılıq baxımından “Trendyol”u üstün sayıram, çünki həm çatdırılması sürətlidir, həm də geri qaytarma prosesi çox rahat şəkildə təşkil olunub. Hər hansı problem yaşadıqda nə müştəri xidməti, nə də qaytarma sistemi insanı yormur. Bu da alıcı kimi mənə güvən verir və növbəti alışlarda tərəddüd etmədən bu platformanı seçməyə səbəb olur”.
Ədilə Hüseynzadə
