00:00:00
Yazar
Admin User
22.12.2025 15:26 143 2 dəq oxuma
Sosial

Sosial şəbəkələrdə “gizli izləmə” vədi ilə qurulan tələ

Sosial şəbəkələrdə “gizli izləmə” vədi ilə qurulan tələ

 

Son dövrlər sosial şəbəkələrdə “istənilən şəxsin hesabına daxil olma”, “kiminlə yazışdığını öyrənmə”, “telefonlara gizli giriş” kimi iddialarla paylaşılan reklamların sayı artıb. Bu cür təkliflər bir çox hallarda insanların maraq və zəif nöqtələrindən istifadə edərək onları tələyə salmağı hədəfləyir. Daxili İşlər Nazirliyi isə bu tip xidmətlərin real olmadığını və məqsədin vətəndaşların şəxsi və bank məlumatlarını ələ keçirmək olduğunu bildirir.


Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında azərbaycanlı iş adamı, İKT üzrə ekspert Elvin Abbasov bildirib ki, bu tip "gizli izləmə" vədləri verən elanların arxasında dayanan əsas mexanizm sosial mühəndislik və fishing (fişinq) üsullarıdır:

 

“Dələduzlar hədəf şəxsin maraq və qısqanclıq hisslərindən istifadə edərək onlara xüsusi proqram təminatı və ya "xidmət" təklif edirlər. Əsas məqsəd vətəndaşı zərərli proqramı (trojan) öz telefonuna yükləməyə və ya saxta ödəniş səhifəsinə daxil etməyə sövq etməkdir. Çox vaxt bu elanlar bot şəbəkələri tərəfindən idarə olunur və inandırıcılığı artırmaq üçün saxta "müştəri rəyləri" ilə bəzədilir”.

 

Müsahibimiz belə saxta xidmətlərə inanan vətəndaşların adətən iki əsas üsulla aldadıldığını vurğulayıb:

 

“Birincisi, "xidmət haqqı" adı altında birbaşa kart məlumatlarının ələ keçirilməsidir. Vətəndaş saxta ödəniş portalında kart məlumatlarını daxil etdikdə, dələduzlar hesabdakı bütün vəsaiti dərhal çıxarırlar. İkincisi isə "izləmə proqramı" adı altında vətəndaşın öz telefonuna casus proqram (spyware) yüklədilməsidir. Bu halda vətəndaş başqasını izləmək istəyərkən, əslində öz telefonundakı bütün şəxsi yazışmaları, qalereyanı və bank tətbiqlərinə giriş kodlarını dələduzlara ötürmüş olur”.

 

Abbasovun sözlərinə görə, texniki baxımdan istənilən şəxsin hesabına yalnız bir telefon nömrəsi və ya link vasitəsilə uzaqdan gizli daxil olmaq elanlarda iddia edildiyi qədər sadə və əlçatan deyil:

 

“Müasir messencerlər (WhatsApp, Telegram) ucdan uca şifrələmə (end-to-end encryption) sistemindən istifadə edirlər ki, bu da kənar şəxslərin yazışmaları oxumasını praktiki olaraq qeyri-mümkün edir. Bu tip xidmətləri kütləvi və ucuz şəkildə sosial şəbəkədə reklam edən şəxslərin belə bir texniki imkana sahib olması real deyil; çünki real kiberhücum imkanları qara bazarda minlərlə dollar dəyərindədir və bu üsulla reklam olunmur”.


Banu Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər