Sosial şəbəkələrin özünəinam və özünüdəyərləndirməyə təsiri
Son illər sosial şəbəkələrin geniş yayılması insan psixologiyasına təsir mexanizmlərinin daha dərindən araşdırılmasını zəruri edib. Psixoloqlar bildirirlər ki, xüsusilə gənclər arasında özünəinam və özünüdəyərləndirmə səviyyəsində ciddi dəyişikliklər müşahidə olunur.
Mövzu ilə bağlı psixoloq Leyla Əli “İnformator.az”a bildirib ki, sosial şəbəkələrdə insanlar adətən özlərinin ən yaxşı tərəflərini paylaşdıqları üçün istifadəçilərdə real həyatdan uzaq “mükəmməllik” təsviri formalaşır:
“Bu, real həyatla uyğun gəlməyən bir ideal obraz yaradır. Davamlı olaraq bu şəkil və videolarla özünü müqayisə edən şəxslər zamanla öz nailiyyətlərini və görünüşlərini kifayət qədər dəyərli hesab etməməyə başlayırlar. Nəticədə özünəinam və özünüdəyərləndirmə tədricən azalır. ‘Bəyənildim – dəyərliyəm, bəyənilmədim – dəyərsizəm’ kimi düşüncə formalaşır ki, bu da emosional dalğalanmalar, narahatlıq, sosial qorxu və hətta depressiv əlamətlərə gətirib çıxara bilər. Gənclər real münasibətlərdən daha çox virtual təsdiqə fokuslandıqda öz dəyərlərini başqalarının reaksiyasına bağlamış olurlar”.
Leyla Əli bildirib ki, sosial şəbəkələrin mənfi təsirlərindən çıxmaq üçün bir sıra praktik addımlar atılmalıdır:
"Ekran vaxtını məhdudlaşdırmaq və gündəlik istifadə üçün sərhədlər müəyyənləşdirmək, müqayisə tələsindən çıxmaq üçün real həyat fəaliyyətlərini artırmaq, rəqəmsal detoks günləri təyin etmək, paylaşımları təsdiq almaq üçün deyil, özünü ifadə məqsədi ilə etmək, mənfi təsir edən səhifələri “unfollow” edib daha pozitiv və informativ kontentə üstünlük vermək, özünüdəyər mövzusunda fərdi və ya qrup psixoterapiyasından dəstək almaq”.
Fatimə Hüseynli
