"Space" və "ANS"dən şikayət
Tovuzun Əyyublu kənd sakinləri kənddə təcavüz olayı ilə bağlı yayımlanan xəbərlərdə qarşı tərəfin mövqeyini öyrənmədən informasiya yayaan "Space" və "ANS" telekanallarının rəhbərlərinə şikayət məktubu ünvanlayıb.
İnformator məktubları təqdim edir:
"Space" TV-nin prezidenti Vaqif Mustafayev cənablarına!
Aprelin 7-də "Space" kanalının "Hər gün" informasiya proqramının saat 20:20-dəki xəbərlər buraxılışında izlədiyimiz süjetlərdən biri bizim narahatlığımıza səbəb olub.
Həmin süjetdə Tovuz rayonunun Əyyublu kəndində 4 nəfər oğlanın 20 yaşlı tələbə qıza təcavüz etməsindən bəhs olunurdu. İstintaq hələ yekunlaşmayıb, həmin gənclərin bu cinayəti törədib-törətmədikləri də hələ ki, öz təsdiqini tapmayıb. Sizin kanalın təqdim etdiyi süjetdə təcavüz olunduğu iddia olunan qızın atası Kamal Nəsibov əlində tutduğu dəftərdəki adları və imzaları kadrda nümayiş etdirərək cinayətdə adı hallanan oğlanların ailələrinin kənddən çıxarılması üçün imza toplama aksiyası təşkil etdiyini söyləyib. Süjet qızın atası və qohumlarının müsahibələri əsasında, əks tərəfin mövqeyini etdirmədən, istintaqın gedişi ilə maraqlanmadan, olduqca qərəzli hazırlanıb.
Süjetə etiraz olaraq biz - Əyyublu kəndinin 20 nəfər sakini aprelin 9-da "Space"-in binasının qarşısına toplaşdıq. Sizin əməkdaşlardan biri bizi qarşılayıb dinləndi (Bunu binanın girişindəki güvənlik əməkdaşları da təsdiqləyə bilər). Həmən şəxs hadisəni yenidən hərtərəfli, balanslı işıqlandırmaq üçün bizim kəndimizə çəkiliş qrupunun göndəriləcəyini söylədi. Amma çəkiliş qrupunun bugünə qədər kəndimizə gəlməməsi bizdə şübhələr yaradır ki, həmin şəxs bizim etirazımızı qeyri-ciddi sayaraq Sizə bu haqda heç bir məlumat verməyib.
Biz övladlarımızın günahsız olduğuna, onların sübut - dəlillərə yox, Güldanə Nəsibovanın özünün və atasının şər - böhtanlarına əsaslanaraq həbs olunmasına qətiyyətlə əminik. Onların haqqında böhtan xarakterli informasiyaların "Space"-in efirindən də həqiqət kimi təqdim olunması bizi çox narahat edir. Həqiqətin, hadisələrin ətraflı, bütün tərəflərin mövqeyi nəzərə alınmaqla işıqlandırılması üçün Tovuzun Əyyublu kəndinə yenidən çəkiliş qrupu yollamağınızı Sizdən xahiş edirik.
Hörmətlə Tovuzun Əyyublu kənd sakinləri.
Hörmətli cənab Vahid Mustafayev!
ANS kanalı bizim üçün hər zaman doğru xəbərin tək ünvanı olub. İstənilən mövzuda dəqiq, qərəzsiz, balanslı informasiya almaq üçün biz ilk növbədə Sizin rəhbərlik etdiyiniz kanalı izləyirik.
Amma 10 aprel tarixində “Xəbər sizsiniz” verilişində aparıcının təqdim etdiyi informasiya bizi məyus etdi. Belə ki, müzakirəyə çıxarılan mövzulardan biri qadınlara yönələn təcavüzlə bağlı idi. Gənc aparıcı bu mövzunun müzakirəyə çıxarılmasına səbəb kimi Tovuzun Əyyublu kəndində baş vermiş zorlama hadisəsini göstərdi. Həmin hadisə ilə bağlı hansısa rəsmi məlumat təqdim olunsaydı, etiraz etməyin mənasız olduğunu anlayardıq. Bəzi qeyri-ciddi internet xəbər saytlarının yazdıqlarının həmin verilişdə gerçək kimi təqdim olunması bizdə böyük təəssüf hissi oyatdı. Hər yazılan, deyilən sözün həqiqəti əks etdirmədiyini böyük həyat təcrübəsi olan bir jurnalist kimi Siz də yaxşı bilirsiniz.
İstintaq yekunlaşmadan, məhkəmənin qərarı olmadan hansısa cinayət şübhəlisini cani, cinayətkar adlandırmaq mətbuat orqanın etik normaları pozması anlamına gəlir. Həmin hadisədə də zorlama faktının olub-olmaması yalnız məhkəmənin qərarından sonra bəlli ola bilər. Qeyri-ciddi mətbuat orqanları konkret, yekun rəsmi açıqlama olmadan, özlərinə reytinq qazanmaq xatirinə bu olayı “Tovuzda 20 yaşlı tələbə qız 4 nəfər həmkəndlisi tərəfindən zorlandı!” başlığı altında çatdıraraq ictimai fikri yanlış istiqamətə yönəltdi. Bizim də bu hadisə ilə bağlı son dərəcə kəskin, dəqiq bir mövqeyimiz var. Əgər, doğrudan da, tələbə qız G. Nəsibovaya qarşı zor tətbiq edibsə, şübhəlilərə ən ağır cəza verilsin. Amma biz onlara qarşı irəli sürülmüş ittihamların şər-böhtandan savayı bir şey olmadığına inanır və istintaqın yekununda həqiqətin aşkara çıxacağına əminik.
Hörmətli Vahid müəllim, baş vermiş hadisənin hərtərəfli işıqlandırılması, bir çox mətbuat orqanlarında yer alan yalan-böhtanlarla ictimai fikrin çaşdırılmasının qarşısının alınması üçün bizim kəndə çəkiliş qrupunun göndərilməsini rica edirik. Ölkəmizin, eləcə də dünyanın hər yerində baş verən gerçəkləri Eyyublular hər zaman ANS kanalından öyrəniblər. Eyyubluda baş verənlərin də bütün Azərbaycana olduğu kimi çatdırılmasını Sizdən xahiş edirik.
