“SPE International”-ın prezidenti BANM-də olub
Bakı Ali Neft Məktəbində “SPE International”-ın (Neft Mühəndisləri Cəmiyyəti) prezidenti Neytan Miihanın tələbələrlə görüşü keçirilmişdir.Görüşdə BANM-in rektoru Elmar Qasımov, professor müəllim heyəti və tələbələr iştirak edib.
İnformator xəbər verir ki, E.Qasımov qonağa BANM-in yaranma tarixi, məqsədləri, fəaliyyət istiqamətləri, transmilli şirkətlərlə qurulan əməkdaşlıq və yeni istifadəyə veriləcək kampus haqqında ətraflı məlumat verib. Tədrislə yanaşı tələbələr üçün istehsalat təcrübəsinin təşkilindəki müxtəlif beynəlxalq şirkətlərinin rolundan bəhs edən rektor BANM-in tələbələrinin SPE-dəki fəaliyyətindən söz açmış və Ali Məktəbin 47 nəfər tələbələsinin 4-6 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək Neft Mühəndisləri Cəmiyyətinin İllik Texniki Konfransının işində yaxından iştirak edəcəyini bildirib.
Öz növbəsində “SPE International”-ın prezidenti Neytan Miihan çıxış edərək BANM-də olmasından və Azərbaycanın intellektual gəncliyi ilə görüşməkdən məmnunluq hissi keçirdiyini bildirib. O, SPE-nin müasir biliklərin cəmiyyətdə yayılmasında rolu, onun fəaliyyətinin əsas istiqamətləri, sənaye müəssisələri, elm və təhsil mərkəzləri ilə əməkdaşlıq əlaqələrinin yaratdığı imkanlar və neft-qaz sənayesində həyata keçirilən innovasiyalar haqqında tələbələrə ətraflı məlumat verib.
Sonda Ali Məktəbin rektoru Elmar Qasımov “SPE International”-ın prezidenti Neytan Miihanı BANM-in “Fəxri qonaq” diplomu ilə təltif edib.
