Səpkilərinin Artması
Son günlər mütəxəssislər dəridə yaranan xizanag və müxtəlif növ səpkilərin həm xarici, həm də daxili amillərlə əlaqəli olduğunu bildirirlər. Qidalanma da prosesdə mühüm rol oynayır — xüsusilə şəkərli, çox yağlı və emal olunmuş qidalar dəridə iltihabı artıraraq səpkilərin çoxalmasına gətirib çıxarır.
Mövzu ilə bağlı dermatoloq Tünzalə Əzizli “İnformator.az”a açıqlamasında bildirib ki, bunlar dermatologiyada daha çox rast gəlinən hallardır:
“Ümumilikdə, qidalandığımız qidalar dərimizə müəyyən qədər təsir göstərir. Bu, daxili problemlərlə də bağlı ola bilər və dəridə müxtəlif tipli əlamətlərlə özünü göstərə bilər. Təbii ki, bu hallar mədə-bağırsaq sistemi və hormonal sistemlə də əlaqəli ola bilər.
Amma ümumi olaraq belə deyə bilərəm ki, çox yağlı, ədviyyatlı, duzlu və turşulu qidalarla qidalanmaq dəridə xırda səpkilər, dərialtı səpkilər, bəzən də qızartı və qaşınma şəklində özünü göstərə bilər. Həmçinin çox yağlı və qlisemik indeksi yüksək olan qidalar, fast food məhsulları və qazlı içkilər də dəriyə mənfi təsir göstərir. Bunlar dərinin yağ ifrazını artırır və nəticədə həm dərialtı səpkilər, həm də akne (sızanaq) yaranmasına səbəb ola bilər.
Bunlar dermatologiyada daha çox rast gəlinən hallardır. Qarşısını almaq üçün düzgün qidalanmaya fikir vermək və mütləq şəkildə düzgün dəri qulluğu ilə dermatoloji müalicə almaq lazımdır”.
Aydan Əsgərxanlı
