00:00:00
Yazar
Admin User
29.01.2026 17:21 81 2 dəq oxuma
Sosial

Səssiz müharibə: dövlətlərarası kiber hücumlar dünyanı necə dəyişir?

Səssiz müharibə: dövlətlərarası kiber hücumlar dünyanı necə dəyişir?

Müasir dövrdə müharibələr artıq yalnız silah və əsgərlərlə aparılmır. İnternet üzərindən həyata keçirilən kiber hücumlar dövlətlərin təhlükəsizliyini, iqtisadiyyatını və vətəndaşların gündəlik həyatını birbaşa təhdid edir. Elektrik şəbəkələri, bank sistemləri, rabitə infrastrukturu və hətta xəstəxanalar belə potensial hədəfə çevrilib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) üzrə ekspert Elvin Abbasov qeyd edib ki, kiber hücumlar üçün ən cəlbedici sahələr bir ölkənin "yaşayış sistemlərini" təmin edən enerji, maliyyə və rabitə infrastrukturlarıdır:

 

"Enerji sektoruna edilən hücumlar bir neçə dəqiqə ərzində elektrik və su təchizatını dayandıraraq kütləvi xaos yarada, bank sistemlərinə sızmalar isə vətəndaşların şəxsi vəsaitlərinə çıxışı kəsərək iqtisadi iflicə səbəb ola bilər. Rabitə və nəqliyyat şəbəkələri isə həm dövlət idarəçiliyinin, həm də fövqəladə hallarda koordinasiyanın əsas həlqəsi olduğu üçün kiber müharibələrin ilk və ən kritik hədəfləri hesab olunur. Dövlətlərin kiber təhlükəsizliyə yanaşması son illərdə ciddi şəkildə güclənsə də, sürətlə dəyişən texnoloji təhdidlər qarşısında hələ də tam yetərli deyil. Bir çox ölkə müdafiə sistemlərini qursa da, süni intellektlə dəstəklənən yeni nəsil hücumlar və "sıfırıncı gün" boşluqları ən müasir qalxanları belə keçə bilir. Hazırda dövlətlər daha çox reaktiv, yəni hadisə baş verdikdən sonra cavab verən mövqedədir: lakin tam təhlükəsizlik üçün kiber-müdafiə artıq milli hərbi doktrinaların mərkəzinə keçməli və hər bir vətəndaşın rəqəmsal savadlılığı strateji müdafiənin bir hissəsi olmalıdır. Gələcək müharibələrdə kiber hücumlar sadəcə dəstəkçi vasitə deyil, döyüşlərin taleyini həll edən əsas silaha çevriləcək. Fiziki olaraq heç bir əsgər sərhədi keçmədən, rəqəmsal hücumlarla düşmən tərəfin ordusunu idarəolunmaz hala gətirmək, raket sistemlərini kor etmək və cəmiyyəti daxildən sarsıtmaq mümkün olacaq. Bu "görünməz silah" həm daha ucuz, həm də hücum edənin kimliyini gizlətməyə imkan verdiyi üçün yaxın gələcəyin münaqişələrində tank və toplardan daha effektiv bir gücə çevriləcək".


Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər