00:00:00
Yazar
Zəhra Həsənova
07.07.2026 19:46 266 3 dəq oxuma
Texnologiya

Startap ekosistemi Azərbaycanın gələcəyidir?

Startap ekosistemi Azərbaycanın gələcəyidir?

XXI əsrdə ölkələrin iqtisadi gücü artıq yalnız təbii sərvətlərlə deyil, innovasiya potensialı, texnologiya istehsalı və startap ekosisteminin inkişaf səviyyəsi ilə ölçülür. ABŞ-də Silikon Vadisi, İsraildə "Start-Up Nation" modeli, Cənubi Koreya və Sinqapur kimi ölkələrin təcrübəsi göstərir ki, bilik iqtisadiyyatı davamlı inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilib. 

 

Yeni texnologiyalar yaradan, qlobal bazarlara çıxan və yüksək əlavə dəyər formalaşdıran startaplar təkcə iqtisadi artımı deyil, həm də məşğulluğu, ixrac imkanlarını və ölkələrin rəqabət qabiliyyətini artırır. Bu qlobal tendensiya fonunda Azərbaycan da iqtisadiyyatın şaxələndirilməsi siyasətini innovasiya və rəqəmsal transformasiya ilə əlaqələndirir. Son illərdə dövlətin qəbul etdiyi strateji sənədlər, yaradılan innovasiya institutları və startapların maliyyələşdirilməsi istiqamətində atılan addımlar göstərir ki, ölkə yeni iqtisadi modelə keçidi prioritet hesab edir. 2026-2028-ci illəri əhatə edən Rəqəmsal İnkişaf üzrə Fəaliyyət Planında rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosistemi əsas istiqamətlər kimi müəyyən edilib. Məqsəd Azərbaycanın regionun rəqəmsal inkişaf liderlərindən birinə çevrilməsidir. Azərbaycan son illərdə startap ekosisteminin formalaşdırılması istiqamətində sistemli addımlar atır. Bu prosesin əsas icraçılarından biri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyidir (IDDA). 

 

Agentliyin rəsmi məlumatına əsasən, hazırda ölkədə 750-dən çox startap dəstəklənib, 180-dən artıq şirkət texnoparklardan kənarda rezident statusu alıb, azərbaycanlı investorların idarə etdiyi vəsaitin həcmi isə 15,6 milyon ABŞ dollarına çatıb. İnnovasiya ekosisteminin genişləndirilməsi yalnız maliyyə dəstəyi ilə məhdudlaşmır. IDDA-nın rəsmi məlumatına görə, ölkədə innovasiya mühitinin inkişafı məqsədilə 100-dən çoxlayihə həyata keçirilib, 5 min nəfər müxtəlif təqaüd proqramlarından məzun olub, kibertəhlükəsizlik istiqamətində isə 380 mütəxəssis hazırlanıb. Bu göstəricilər rəqəmsal iqtisadiyyat üçün insan kapitalının formalaşdırılmasına xüsusi diqqət ayrıldığını nümayiş etdirir.  Dövlət dəstəyi nəticəsində, Azərbaycan beynəlxalq reytinqlərdə də irəliləyir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına əsasən, StartupBlink 2025 hesabatında Azərbaycan 6 pillə irəliləyərək 74-cü yerə, Bakı isə şəhərlər arasında 47-ci pilləyə yüksəlib və Mərkəzi Asiyada ən yüksək inkişaf tempini nümayiş etdirib.  Universitetlərdə innovasiya mədəniyyətinin formalaşdırılması da diqqət mərkəzindədir. IDDA-nın məlumatına görə, ölkənin 5 ali təhsil müəssisəsində startap proqramları təşkil olunub, 98 startap mentoru hazırlanıb, 45 beynəlxalq sertifikat təqdim edilib və 6 innovasiya mərkəzi fəaliyyətə başlayıb. Həmin mərkəzlər vasitəsilə 5 mindən artıq ideya müxtəlif inkişaf proqramlarına cəlb olunub. (Mənbə: IDDA)

 

Prezidentin təsdiq etdiyi "Rəqəmsal İnkişaf Konsepsiyası" da məhz rəqəmsal biznes və innovasiya ekosisteminin inkişafını ölkənin strateji prioritetlərindən biri kimi müəyyən edir. Bu konsepsiya rəqəmsal hökumət, rəqəmsal cəmiyyət və rəqəmsal biznes istiqamətlərini vahid inkişaf modeli kimi birləşdirir. (Mənbə: Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi)

 

Müasir dünyada iqtisadi inkişafın əsas meyarı artıq xammal ehtiyatları deyil, ideya, innovasiya və texnologiya istehsalıdır. Azərbaycanın son illərdə qəbul etdiyi strateji qərarlar, yaradılan innovasiya institutları, universitet-startap əməkdaşlığı və beynəlxalq proqramlara inteqrasiya göstərir ki, ölkə bu qlobal transformasiyanın fəal iştirakçısına çevrilmək niyyətindədir. Lakin güclü startap ekosisteminin formalaşması üçün dövlət dəstəyi ilə yanaşı, özəl sektorun investisiyaları, risk kapitalı bazarının genişlənməsi, universitet-sənaye əməkdaşlığının dərinləşdirilməsi və gənclərin innovativ sahibkarlığa marağının artırılması da vacibdir. Əgər mövcud inkişaf tempi qorunarsa, Azərbaycan yaxın illərdə yalnız regionun nəqliyyat və logistika mərkəzi deyil, həm də innovasiya və texnologiyalar üzrə aparıcı mərkəzlərindən birinə çevrilə bilər. Belə bir ekosistem isə yeni iş yerləri yaradacaq, qeyri-neft ixracını artıracaq və ölkənin dayanıqlı iqtisadi inkişafına mühüm töhfə verəcək. Startapların inkişafı artıq gələcəyin ehtimalı deyil, Azərbaycanın rəqəmsal iqtisadiyyat strategiyasının əsas istiqamətlərindən biridir.

 

Məhəmməd Salmanzadə 

#xəbər #gələcəyidir? #azərbaycan #ekosistemi #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər