Stress və depressiya artıb — psixoloqdan xəbərdarlıq
Son aylarda cəmiyyətdə stress, depressiya və emosional gərginlik halları artıb. Xüsusilə gənclər arasında psixoloji təzyiq, gələcək qorxusu və özünə inamsızlıq halları müşahidə olunur. Mütəxəssislər bildirirlər ki, bu vəziyyət sosial şəbəkə asılılığı, iqtisadi çətinliklər və həyat tərzindəki dəyişikliklərlə sıx bağlıdır.
Bu mövzu ilə bağlı psixoloq Sibel Piriyeva “İnformator.az”a bildirib ki,son zamanlar stress və depressiya hallarının artmasının əsas səbəbləri fərdin psixoloji durumuna görə müxtəlifdir:
“Əsas psixoloji amillər isə emosiyalarının tənzimləyəməməsi, uşaqlıq travmalarının təsiri, iqtisadi çətinlik, sosial mediyanın "mükəmməl ya da ideal" görüntüsü, bioloji həyat tərzi - yuxusuzluq və qida rejimsizliydir. Bunlar beyində kortizol hormonunu artırır. Uzun müddət stessə məruz qalan şəxslərdə depressiyaya meyillilik görülür. Sosial şəbəkələr insanların psixoloji vəziyyətinə “hər şey mükəmməldir” görüntüsü özünü digərləri ilə müqayisə meylini artırır. Süni xoşbəxtlik və “like” asılılığı özünə inamın azalmasına, emosional tükənməyə səbəb olur. Həmçinin informasiya bolluğu və neqativ xəbərlər (müharibələr, zəlzələlər, cinayətlər, uşaq oğruluğu və s.) beyində daimi gərginlik yaradır. Gənclər arasında ən çox rast gəlinən psixoloji problemlər özgüvənsizlik, aqressiya, təşviş pozuntusu, depressiya, fobiya, tərk edilmə və digər qorxular rast gəlinir”.
Cavahir Əsgərbəyli
