00:00:00
Yazar
Admin User
19.12.2025 18:13 86 2 dəq oxuma
Sosial

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə qaydası təsdiqlənib

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə qaydası təsdiqlənib

Prezident İlham Əliyev “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası”nın təsdiq edilməsi barədə Fərman imzalayıb.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında ekoloq Ənvər Əliyev bildirib ki, hazırda ölkədə torpaq sahibləri, fermerlər və sahibkarlar üçün suvarma sistemlərindən istifadəyə dair yeni mexanizmlər hazırlanıb:

 

"Bu qaydalar fiziki şəxslərə, yəni adi vətəndaşlara aid edilmir. Əsasən hüquqi şəxslər və təşkilatlara, torpaqdan geniş istifadə edən təsərrüfat sahiblərinə şamil olunur. Əsas məqamlar suyun istifadəsinə dair ödəniş sistemidir. Suvarma üçün istifadə olunan su artıq pullu əsaslarla təmin ediləcək. Nazirlər Kabineti 3 ay müddətində ödəniş qaydalarını və tarifləri təsdiq edəcək. Bu, su israfının qarşısını almağa, səmərəli istifadəyə və ekoloji təhlükəsizliyə xidmət edəcək.

 

Suvarmadan istifadə etmək istəyən hüquqi şəxslər “Agroservis” və ya səlahiyyətli quruma ərizə ilə müraciət etməlidirlər. Ərizə qeydiyyata alındıqdan sonra 5–6 iş günü ərzində cavab verilməli və icazə sənədi təqdim olunmalıdır. Dövlət rüsumu ödənildikdən sonra rəsmi istifadə hüququ təmin olunur.

 

Su çirkləndirilərsə, onu təkrar istifadədən əvvəl mütləq təmizləmək tələb olunur. Əgər istifadə edilən su normativlərə uyğun deyilsə və ətraf mühitə zərər vurursa, müvafiq cərimələr tətbiq ediləcək. Torpağın və suyun ekoloji qorunması vacib prinsiplərdən biridir.

 

Bütün müraciətlər, sənədlər və icazə prosedurları Elektron Hökumət İnformasiya Sistemi üzərindən aparılacaq. Dövlət orqanları bu prosesə tam nəzarət edəcək. Sistem sayəsində şəffaflıq təmin olunacaq və əlavə müdaxilələr minimuma endiriləcək.

 

Nəticə etibarilə,yeni qaydalar ölkədə su resurslarının daha səmərəli və davamlı istifadəsini təmin etməyə yönəlib. Bu həm kənd təsərrüfatının inkişafına, həm də ekoloji tarazlığın qorunmasına töhfə verəcək. Fermerlər və sahibkarlar artıq bu qaydalara uyğun fəaliyyət göstərməli, öz təsərrüfatlarında suvarma sistemlərini müvafiq sənədlərlə rəsmiləşdirməlidirlər".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər