00:00:00
Yazar
Admin User
05.02.2026 10:07 64 3 dəq oxuma
Sosial

Su Qıtlığı

Su Qıtlığı

Su-həyatın əsas mənbəyidir. Lakin iqlim dəyişikliyi, əhalinin artımı və su ehtiyatlarının qeyri-səmərəli istifadəsi bu resursu getdikcə daha da məhdudlaşdırır. Dünyanın bir çox bölgəsində olduğu kimi, regionumuzda da su qıtlığı artıq gələcəyin deyil, bu günün problemidir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, vaxtında tədbirlər görülməzsə, su qıtlığı sosial, iqtisadi və hətta siyasi böhranlara yol aça bilər.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında ekoloq Rəhilə Əhmədova bildirib ki, qaldırdığımız su qıtlığı problemi digər ekoloji problemlərdən daha üstün və daha dərin məna daşıyan bir məsələdir:

 

“Çünki su həyatın özüdür. Susuz həyat mümkün deyil. Bu baxımdan su qıtlığı təkcə ekoloji deyil, eyni zamanda sosial və strateji problemdir. Zaqafqaziya dövlətləri arasında şirin su ehtiyatlarına görə ən kasıb ölkə Azərbaycandır. Qonşu ölkələrlə müqayisədə su ehtiyatlarımız qat-qat azdır. Buna baxmayaraq, mövcud olan şirin su ehtiyatlarından da qeyri-rasional şəkildə istifadə edirik. Su qıtlığının əsas səbəblərindən biri məhz bu məsuliyyətsiz yanaşmadır. Bu gün məişətdə, iaşə obyektlərində və sənaye müəssisələrində birbaşa şirin sudan istifadə olunur. Halbuki bir çox hallarda texniki sudan istifadə etmək mümkündür. Məsələn, avtomobil yuma məntəqələrində, bəzi istehsal proseslərində şirin suya ehtiyac yoxdur. Sənaye müəssisələrində su soyuducu, həlledici və digər texniki vasitə kimi istifadə olunur və bu proseslərdə təkrar dövriyyə sistemi qurmaq olar. Ölkədə tullantı sularının təmizlənməsi üçün müəyyən qurğular mövcuddur-Hövsan, Sumqayıt və bəzi regionlarda. Lakin onların sayı və gücü mövcud tələbatla müqayisədə kifayət deyil. Bakı və Abşeron yarımadasının içməli su təchizatı əsasən Ceyranbatan su anbarı vasitəsilə təmin olunur. Burada su bir neçə mərhələli filtrasiya və laboratoriya nəzarətindən keçərək əhaliyə çatdırılır. Ancaq ümumilikdə şirin su ehtiyatlarının qorunması və səmərəli istifadəsi ilə bağlı görülən işlər yetərli səviyyədə deyil. Azərbaycan artıq bu gün su qıtlığı riski ilə üz-üzədir. Alimlər Xəzər dənizinin suyunun şirinləşdirilərək suvarma və sənaye məqsədləri üçün istifadəsi üzərində araşdırmalar aparır və bu istiqamətdə işlərə start verilib. Kənd təsərrüfatında da su israfına tez-tez rast gəlinir. Bəzən su kanallar vasitəsilə boş sahələrə axıdılır, suvarma düzgün təşkil olunmur. Bu cür hallara ölkənin bir çox bölgəsində rast gəlinir. Məişətdə isə vəziyyət daha sadə, amma bir o qədər də ağrılıdır. İnsanlar adi gündəlik vərdişlərdə belə suya qənaət etmirlər. Halbuki dünyada bir stəkan suya möhtac olan milyonlarla insan var. Su çörəkdən də, digər qidalardan da vacibdir, çünki həyatın özü sudur. Azərbaycanda su təsərrüfatı ilə bağlı müxtəlif qurumlar, institutlar fəaliyyət göstərir və müəyyən layihələr həyata keçirilir. Lakin buna baxmayaraq, israfçılıq hələ də qalmaqdadır. Bu səbəbdən əsas çıxış yolu maarifləndirmədir. Televiziyalarda, saytlarda, media platformalarında insanlara suyun dəyəri ilə bağlı mesajlar verilməlidir. Dayanıqlı inkişafdan danışırıqsa, ilk növbədə suya münasibətimizi dəyişməliyik. Gələcək nəsillərin şirin su qıtlığı ilə üzləşməməsi üçün bu gündən hərtərəfli və məsuliyyətli şəkildə çalışmalıyıq”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər