Sublimasiya edilmiş məhsullarla bağlı nəzarət tədbirləri keçirilib
Qida Təhlükəsizliyi Agentliyi dondurulub qurudulmuş (sublimasiya edilmiş) məhsulların istehsalı və satışına nəzarət çərçivəsində yoxlamalar aparıb. Baxış zamanı bir sıra müəssisə və ticarət obyektlərində qanunvericiliyin tələblərinə uyğun olmayan etiketləmə və istehsal tarixinin göstərilməməsi halları aşkarlanıb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında qida mühəndisi, nutrisioloq Fərid Səfərov vurğulayıb ki, bu tip yoxlamaların aparılması təsadüfi deyil:
"Çünki sublimasiya edilmiş (dondurulub qurudulmuş) məhsullar uzunömürlü kimi təqdim edilsə də, etiket məlumatları olmadıqda istehlakçı üçün real risklər yarada bilər. İstehsal tarixi olmayan məhsulun nə qədər müddətdir saxlanıldığını və istifadə üçün təhlükəsiz olub-olmadığını müəyyən etmək mümkün deyil. Sublimasiya prosesi suyu azaltsa da, məhsul tam “zamansız” olmur. Uzun müddət saxlanıldıqda yağların oksidləşməsi, vitaminlərin azalması və mikrobioloji risklərin artması mümkündür. İstehlakçı köhnəlmiş məhsulu bilmədən istifadə edə və sağlamlıq riski ilə üzləşə bilər".
Eyni zamanda Fərid Səfərov qanunvericiliyə uyğun etiketləmənin vacibliyi məsələsinə toxunub və bildirib ki, bu məhsullar əsasən “sağlam”, “uzunömürlü” və “təbii” kimi tanıdıldığı üçün istehlakçı onlara daha çox etibar edir:
“Etiketdə istehsal və son istifadə tarixi, saxlanma şəraiti, tərkib və istehsalçı barədə məlumatlar olmadıqda, bu etibar sui-istifadəyə çevrilir. Qanunvericiliyə uyğun etiketləmə həm istehlakçının düzgün seçim etməsinə, həm də məhsulun izlənəbilənliyinə və məsuliyyətin müəyyən olunmasına imkan yaradır. Belə hallarda məhsulun real tərkibi və təhlükəsizlik müddəti yalnız laborator analizlərlə müəyyən edilə bilər. Lakin bu, adi istehlakçı üçün mümkün deyil. Etiket məlumatı olmadıqda məhsulun hansı xammaldan hazırlandığı, əlavə maddələrin olub-olmadığı və nə qədər müddət saxlanıla biləcəyi qeyri-müəyyən qalır. Bu isə həmin məhsulların satışının və istifadəsinin ciddi risk daşıdığını göstərir. Nəticə olaraq, sublimasiya edilmiş məhsullar texnoloji baxımdan üstün olsa da, etiketləmə tələblərinə əməl edilmədikdə həm istehlakçı sağlamlığı, həm də bazarda etibarlı qida dövriyyəsi üçün problem yaradır.
Sağlam qidalanaraq sağlam yaşayın!”
Reyhan Quliyeva
