"Sülh çətinləşir, lakin diplomatik qapılar hələ tam bağlanmayıb"- POLİTOLOQDAN ŞƏRH
ABŞ və İran arasında artan gərginlik regionda təhlükəsizlik mühitini daha da mürəkkəbləşdirib. Fevral ayından etibarən müşahidə olunan qarşılıqlı hərbi eskalasiya və hücumlar vəziyyəti hələ də gərgin saxlayır. Buna baxmayaraq, tərəflər arasında diplomatik təmasların davam etdiyi, Misir, Pakistan və Türkiyənin vasitəçiliyi ilə aprelin 21-dək atəşkəsin uzadılması və mümkün sülh razılaşması üçün yeni danışıqlar raundunun təşkili istiqamətində cəhdlər göstərildiyi bildirilir.
Mövzu ilə bağlı politoloq Natiq Miri “İnformator.az”a bildirib ki, hazırkı mərhələdə danışıqlar tam şəkildə dalana dirənməyib və tərəflər arasında, xüsusilə də səhnə arxasında diplomatik əlaqələr müxtəlif kanallar - telefon və sosial şəbəkələr vasitəsilə davam edir:
“Bu prosesdə qarşılıqlı addımların atılması müşahidə olunur ki, bu da müəyyən təzyiq xarakteri daşıyır. Əslində, görürük ki, bütün diplomatik qapılar hələ bağlanmayıb. Bu isə tərəflərin müəyyən mənada razılaşmaya və müharibənin dayandırılmasına meylli olduğunu göstərir. Lakin əsas problem ondan ibarətdir ki, hər iki tərəf maksimalist şərtlər irəli sürür və bu da sülhün əldə olunmasını çətinləşdirir. Əgər yaxın dövrdə yeni danışıqlar raundu baş tutarsa, bunun müəyyən nəticələr verməsi mümkündür, lakin şərtlər dəyişməz qalarsa, razılaşma ehtimalı aşağı olacaq”.
Siyasi şərhçinin sözlərinə görə, ABŞ və İsrailin İranla bağlı əsas hədəflərindən biri nüvə proqramının məhdudlaşdırılması və ya tam dayandırılmasıdır:
“Bu çərçivədə İranın 60 %-ə qədər zənginləşdirilən təxminən 450 kiloqram nüvə materialını ABŞ-yə təhvil verməsi kimi tələblər də gündəmdə olub, lakin hələlik bu istiqamətdə razılaşma əldə edilməyib. Eyni zamanda ABŞ İranın nüvə zənginləşdirmə fəaliyyətinin ən azı 20 il müddətinə dondurulması tələb edir. Məlumatlara görə, İranın 5 illik təxirə salınma təklifini Vaşinqton qəbul etməyib”.
Politoloq qeyd edib ki, gərginlik fonunda Hörmüz boğazı məsələsi də əsas təzyiq vasitələrindən birinə çevrilib:
“İran bu kartı danışıqlarda strateji üstünlük kimi istifadə etməyə çalışır və yalnız bütün şərtlər qəbul olunduğu halda boğazın açılacağını bildirir. Bu isə ABŞ-nin qəbul edilə biləcəyi variant deyil, çünki Hörmüz boğazının bağlı qalması qlobal neft bazarında qiymət artımına və iqtisadi gərginliyin dərinləşməsinə səbəb olur. Bu vəziyyət isə beynəlxalq səviyyədə əlavə təzyiqlərin yaranmasına gətirib çıxarır. Əgər tərəflər kompromisə gəlməzsə və İran maksimalist mövqedə qalarsa, yeni qarşıdurmaların baş verməsi ehtimalı artır. Bu halda münaqişə daha geniş coğrafiyaya yayıla bilər və körfəz ölkələrinin - Səudiyyə Ərəbistanının, BƏƏ-nin və Qətərin də prosesə cəlb olunması istisna deyil. Hazırkı dinamika diplomatik həll üçün pəncərənin tam bağlanmadığını göstərsə də, tərəflərin sərt mövqeləri davam edərsə, regionda gərginliyin daha da artması qaçılmaz ola bilər”.
Mehriban Yariyeva