00:00:00
Yazar
Aysel Mirzəyeva
07.04.2026 21:12 25 2 dəq oxuma
Siyasət

Sülh gündəliyi yoxsa siyasi manipulyasiya?

Sülh gündəliyi yoxsa siyasi manipulyasiya?

İran ABŞ-nin atəşkəs təklifini rədd edərək, münaqişənin yalnız öz milli maraqları nəzərə alınmaqla tam və davamlı şəkildə başa çatdırılmasını tələb edib.

 

Mövzu ilə bağlı politoloq Taleh Əliyev “İnformator.az”a açıqlamasında bildirib ki, tərəflərin təklif etdiyi bu sülh gündəliyi bir növ beynəlxalq ictimaiyyəti aldatmaq və manipulyasiya etmək cəhdidir:

 

“Hər iki tərəfin - istər ABŞ-nin İrana təqdim etdiyi sülh müqaviləsinin imzalanması ilə bağlı tələbləri, istərsə də İranın ABŞ-yə təqdim etdiyi öz milli maraqlarına uyğun sülh təklifləri formal xarakter daşıyır. Hər iki tərəf fərqindədir ki, təqdim olunan sülh gündəlikləri qarşı tərəfin maraqlarına cavab vermir. Xüsusilə, ABŞ-nin İrana təqdim etdiyi layihə İran üçün bir kapitulyasiya aktıdır. İran tərəfinin təqdim etdiyi sənəddə isə İrana dəymiş zərərin kompensasiya olunması, Hörmüz boğazı üzərində İranın hegemonluğunun tanınması kimi tələblər yer alır ki, bu da İranın bu müharibənin qalibi mənasına gələcək təkliflərdir. Tərəflərin təklif etdiyi bu sülh gündəliyi bir növ beynəlxalq ictimaiyyəti aldatmaq və manipulyasiya etmək cəhdidir. Tərəflər müharibədə israrlı olmadıqlarını və sülh variantını üstün tutduqlarını göstərməyə çalışsalar da, sənədlər güzəştsiz və birtərəfli maraqlar fonunda hazırlanıb. Son xəbərdarlıqlardan sonra vəziyyətdə ciddi bir yenilik gözlənilmir, çünki ABŞ artıq İrana qarşı hərbi əməliyyatların növbəti fazasına, İran ərazisində quru əməliyyatlarına start vermək üçün hazırlıqlarını tamamlamış vəziyyətdədir”.

 

Politoloqun sözlərinə görə, eegiona kifayət qədər ABŞ hərbi hava qüvvələri, hərbi donanmanın xüsusi təyinatlıları və quru qoşunlarının elit bölmələri cəlb olunub:

 

“Trampın İran üçün əvvəlcə 2 gün, sonra 5 gün və nəhayət 10 gün təklif etdiyi möhlət bu gün tamamlanıb və böyük ehtimalla bu gündən etibarən prosesə start verilə bilər. Hazırda İrana qarşı atılan raketlər və hava zərbələri ilə İranın strateji obyektləri məhv edilir və bu zərbələrin məqsədi gözlənilən quru əməliyyatlarına şərait yaradılmasından ibarətdir. İran ərazisində yerləşən Nətənz, İsfahan, Fordo kimi şəhərlərdəki nüvə tədqiqat mərkəzlərinin vurulması və radiasiya sızıntıları regionda ciddi ekoloji və epidemioloji fəlakətlərə səbəb ola bilər. Beynəlxalq Atom Enerjisi Agentliyi, İran rəsmiləri və hərbi-siyasi ekspertlər bu barədə ciddi həyəcan siqnalı çalırlar. Müharibə bu istiqamətdə genişlənərsə, onun dağıdıcı fəsadları təkcə İranla deyil, bütövlükdə Yaxın Şərq coğrafiyası və bölgə iqtisadiyyatı üçün uzunmüddətli və öldürücü ola bilər. Bu vəziyyət vaxtilə Yaponiyaya atılmış nüvə bombaları və Çernobıl Atom Elektrik Stansiyası partlayışından sonra yaşananlarla müqayisə ediləcək dərəcədə təhlükəlidir”.


Aydan Əsgərxanlı

#manipulyasiya? #azərbaycan #xəbər #sülh
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər