00:00:00
Yazar
Nərmin Həşimova
16.11.2026 14:44 135 2 dəq oxuma
Siyasət

“Sülh körpüsü” təşəbbüsü Azərbaycan-Ermənistan münasibətlərində etimadı gücləndirə bilər

“Sülh körpüsü” təşəbbüsü Azərbaycan-Ermənistan münasibətlərində etimadı gücləndirə bilər

Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında keçirilən görüşlər iki ölkə arasında etimadın formalaşdırılması baxımından əhəmiyyət daşıyır. Bu təmaslar hökumətlərarası danışıqları tamamlayaraq cəmiyyətlər arasında dialoqun genişlənməsinə və sülh prosesinin ictimai müstəvidə dəstəklənməsinə xidmət edir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Rəşad Bayramov bildirib ki, “Sülh körpüsü” təşəbbüsü iki cəmiyyət arasında qarşılıqlı etimadın formalaşması və mövcud stereotiplərin aradan qaldırılması baxımından faydalı platformadır:

 

“Əslinə baxanda, bu cür görüşlərin keçirilməsi iki ölkə arasında münasibətlərin normallaşması baxımından diqqətəlayiq hadisədir. Xüsusilə də iki ölkənin liderləri etimad quruculuğunun vacibliyindən danışırlarsa, vətəndaş cəmiyyəti institutları arasında görüşlər bu prosesə müsbət töhfə verə bilər. Bilirik ki, 2025-ci il ərzində İrəvanda və Bakıda, bu ilin aprelində isə Qəbələdə görüş keçirilib və növbəti təmaslar da əvvəlki görüşlərin davamı kimi qiymətləndirilə bilər. İlk növbədə, Azərbaycan nümayəndələrinin Ermənistana səfərinin siyasi və ictimai-psixoloji əhəmiyyətini qeyd etmək lazımdır. Uzun illər müharibə və qarşılıqlı etimadsızlıq şəraitində yaşamış iki cəmiyyət arasında birbaşa təmasların qurulması normallaşma prosesinin yalnız hökumətlərarası danışıqlarla məhdudlaşmamasına xidmət edir. Azərbaycan nümayəndələrinin Ermənistan cəmiyyətinin müxtəlif təbəqələri ilə ünsiyyət qurması mövcud stereotiplərin və yanlış təsəvvürlərin aradan qaldırılması üçün əlavə imkan yarada bilər. “Sülh körpüsü” təşəbbüsünün indiyədək əldə etdiyi nəticələrə gəldikdə, tərəflərin birbaşa dialoq təcrübəsi qazanmasını, müzakirə platformasının formalaşmasını və qarşı tərəfin mövqeyini daha yaxından öyrənmək imkanını əsas nailiyyətlər hesab etmək olar. Qəbələdə keçirilən görüşdə sülh gündəliyi, regional təhlükəsizlik və cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsi məsələlərinin müzakirəsi dialoqun məzmununun genişləndiyini göstərir. Bununla belə, sentyabr ayında diplomatik səfərlərlə bağlı yaranmış mübahisələr, Ermənistan nümayəndələrinin yanlış açıqlamaları və sərgilədikləri mövqe təşəbbüsün hələ də ictimai-siyasi həssaslıqlardan təsirləndiyini nümayiş etdirir. Vətəndaş cəmiyyəti nümayəndələrinin görüşləri siyasi qərarları birbaşa müəyyənləşdirə bilməz və hökumətlərarası danışıqları əvəz etmir. Sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası və kommunikasiya xətlərinin açılması dövlətlərin siyasi qərarlarından asılıdır. Lakin ictimai dialoq bu qərarların həyata keçirilməsi üçün daha əlverişli sosial mühitin formalaşmasına kömək edə bilər. Növbəti görüşlərdən əsas gözlənti dialoqun davamlı mexanizmə çevrilməsi, konkret əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və qarşılıqlı səfərlərin müntəzəm xarakter almasıdır. Bunun üçün media nümayəndələrinin, ekspertlərin, gənclərin və qeyri-hökumət təşkilatlarının iştirakı genişləndirilməli, dezinformasiya və düşmənçilik ritorikasına qarşı birgə maarifləndirmə təşəbbüsləri həyata keçirilməlidir. Düşünürəm ki, “Sülh körpüsü” təşəbbüsünün real uğuru keçirilən görüşlərin sayından deyil, onların cəmiyyətlərdə hansı dəyişikliklərə səbəb olmasından asılı olacaq”.


Güllüzar Nəbili

#azərbaycan #azərbaycan-ermənistan #xəbər #“sülh
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər