“Sülh prosesinin başlanğıcı demək üçün hələ tezdir”-ŞƏRH
“Rusiya Prezidenti Vladimir Putin Ukrayna lideri Volodimir Zelenski ilə Moskvadan kənarda yalnız münaqişəyə yekun qoymaq məqsədilə görüşməyə hazırdır”.
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov brifinq zamanı açıqlama verib. O bildirib ki, belə bir görüşdən əvvəl hələ çox ciddi hazırlıq işləri aparılmalıdır.
Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, Kremlin açıqlaması Moskvanın artıq texniki danışıqlardan daha çox siyasi nəticəyə hesablanmış mərhələyə keçmək istədiyini göstərir:
“Putinlə Zelenski arasında mümkün görüş üçün ən real variantlardan biri yenə də vasitəçi rolunda çıxış edən ölkələrdir. Burada xüsusilə Türkiyə ön plana çıxır. Çünki Ankara həm Rusiya, həm də Ukrayna ilə eyni vaxtda dialoq qura bilən azsaylı aktorlardan biridir.
Daha əvvəl İstanbul platforması müəyyən nəticələr vermişdi. Bundan əlavə, BƏƏ, Səudiyyə Ərəbistanı və ya İsveçrə kimi neytral mövqe nümayiş etdirən ölkələrin də adı gündəmə gələ bilər.
Moskvanın “yalnız yekun nəticə üçün görüş” şərti isə onu göstərir ki, Kreml liderlər səviyyəsində keçiriləcək sammitin sadəcə simvolik xarakter daşımamasını istəyir və əvvəlcədən əsas razılaşmaların hazırlanmasını tələb edir”.
Politoloqun sözlərinə görə, bu açıqlamanı tam şəkildə sülh prosesinin başlanğıcı kimi qiymətləndirmək hələ tezdir:
“Amma ritorikada müəyyən dəyişiklik hiss olunur. Çünki uzun müddətdir tərəflər bir-birini ittiham edən sərt bəyanatlarla çıxış edirdi, indi isə ən azı liderlər görüşü ehtimalı açıq şəkildə müzakirə olunur.
Bununla belə, əsas problem dəyişməyib. Ərazi məsələləri, təhlükəsizlik zəmanətləri və atəşkəs şərtləri üzrə tərəflər arasında ciddi fikir ayrılıqları qalır.
Kremlin “böyük ev tapşırığı” ifadəsi əslində onu göstərir ki, ilk növbədə diplomatlar və nümayəndə heyətləri çətin detallar üzərində işləməlidir. Buna görə də yaxın dövrdə daha çox arxa diplomatik təmasların və vasitəçilərin fəallaşmasının şahidi ola bilərik”.
Nuray Əliyeva