00:00:00
Yazar
Banuçiçək Məmmədova
20.02.2026 13:10 10 2 dəq oxuma
Siyasət

Sülh Şurası üçün 10 milyard dollar: Donald Trampdan mühüm açıqlama

Sülh Şurası üçün 10 milyard dollar: Donald Trampdan mühüm açıqlama

ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının iclasında çıxışı zamanı quruma 10 milyard dollar həcmində maliyyə dəstəyi ayrılacağını açıqlayıb. O bildirib ki, bu addım qlobal sabitliyin möhkəmləndirilməsi və yeni sülh təşəbbüslərinin reallaşdırılması məqsədi daşıyır. Trampın sözlərinə görə, Sülh Şurası daha təhlükəsiz və dayanıqlı gələcəyin formalaşmasında əsas platformalardan birinə çevrilməlidir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Ülviyyə Zülfüqar bildirib ki, Donald Tramp vasitəsilə Sülh Şurasına 10 milyard dollar ayrılması ilə bağlı açıqlama, ilk növbədə, ABŞ-nin qlobal təhlükəsizlik və geosiyasi təşəbbüslərdə aktiv rolunu davam etdirmək niyyətinin göstəricisi kimi qiymətləndirilə bilər:

 

“Bu məbləğin elan olunması sırf maliyyə qərarı deyil, eyni zamanda siyasi siqnaldır. Rəsmi Vaşinqton göstərmək istəyir ki, beynəlxalq təhlükəsizlik arenasında yeni və ya alternativ formatlar yaranarkən ABŞ kənarda qalmayacaq, əksinə, onların əsas maliyyə və siyasi dayaqlarından biri olacaq. 10 milyard dolların konkret istiqamətlərinə gəldikdə isə, vəsaitin əsasən münaqişədən sonrakı bərpa layihələrinə, infrastrukturun yenidən qurulmasına, təhlükəsizlik mexanizmlərinin gücləndirilməsinə və iqtisadi sabitləşmə proqramlarına yönəldilməsi ehtimal olunur. Xüsusilə enerji infrastrukturu, rəqəmsal təhlükəsizlik, mina təmizləmə, qaçqın və məcburi köçkünlərin reinteqrasiyası kimi sahələr prioritet ola bilər. Əgər Şura “sülh yolu ilə sabitlik” konsepsiyasını əsas götürürsə, bu halda iqtisadi investisiya təhlükəsizlik alətinə çevriləcək. İlkin olaraq maliyyənin Yaxın Şərq, xüsusilə münaqişə sonrası yenidənqurma ehtiyacı olan ərazilərə yönəlməsi gözlənilir. Eyni zamanda Şərqi Avropa və Afrika regionları da diqqət mərkəzində ola bilər. Bu, ABŞ-nin həm geosiyasi təsir zonasını qorumaq, həm də rəqib güclərin-xüsusilə Çin və Rusiyanın-təsir imkanlarını balanslaşdırmaq strategiyasının tərkib hissəsi kimi görünür. ABŞ-nin bu addımı həm də bir daha göstərir ki, “sülh” anlayışı konkret iqtisadi addımlarla da dəstəklənməlidir. 10 milyard dollarlıq vəsait yalnız humanitar və ya bərpa fondu kimi deyil, həm də geosiyasi investisiya kimi qiymətləndirilməlidir”.

 

Banuçiçək Məmmədova

#trampdan #açıqlama #azərbaycan #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər