Süni intellekt və psixoloji təsirlər: ekran qarşısında yeni nəsil
Süni intellekt texnologiyaları yalnız texniki tərəfi ilə deyil, həm də etik, sosial və iqtisadi aspektləri ilə gündəmi zəbt edir. Generativ AI, maşın öyrənməsi və data analitikası gələcəyin iş dünyasını, təhsili və hətta insan qərarvermə prosesini dəyişir. Bu sahədə strateji planlama, etik standartların yaradılması və vətəndaş maarifləndirilməsi artıq qaçılmazdır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında İT mütəxəssisi Elvin Həsənov bildirib ki, süni intellekti insan yaradıcılığına rəqibdən çox, güclü köməkçi kimi görür:
"Çünki AI ideya verir, mətn yazır, dizayn eskizi çıxarır, kod təklif edir, ancaq hansı mövzunun vacib olduğunu, hansı mesajın və qərarın etik olduğunu isə insan müəyyənləşdirir. Yəni süni intellekt işi sürətləndirir insanın yükünü azaldır. Ən yaxşı nəticə mən deyərdim ki, insan + AI birlikdə işləyəndə ortaya çıxır. Problem o zaman yaranır ki, gənc nəsil düşünməyi yox, hazır cavabı gözləməyə öyrəşir. Burada artıq texniki yox, psixoloji və təhsil məsələsi ortaya çıxır. Ekran qarşısında böyüyən uşaqlara isə tənqidi düşünmə, analiz və yaradıcılıq ayrıca öyrədilməlidir. Psixoloji tərəfdən isə AI əsaslı platformalar alqoritmlərlə işləyir və istifadəçini mümkün qədər uzun müddət ekranda saxlamağa fokuslanır. Bu isə xüsusilə uşaqlar və yeniyetmələr üçün diqqət dağınıqlığı, asılılıq və sosial münasibətlərdən uzaqlaşma riski yaradır. Ona görə də, süni intellekt mövzusu təkcə texnologiya deyil həmdə sağlamlıq mövzusudur. Burda valideyn nəzarəti, məktəblərdə rəqəmsal savadlılığı çox önəmlidir. Azərbaycan artıq rəqəmsallaşma, elektron xidmətlər və data əsaslı idarəetmə istiqamətində ciddi addımlar atır. Süni intellekt strategiyası da tədricən formalaşır. Dövlət xidmətlərində AI tətbiqləri, rəqəmsal platformaların birləşdirilməsi, kadr hazırlığı və infrastruktur yatırımları gündəmdədir. Regionda isə ümumi trend eynidir. Məncə, burda ən kritik məsələ texnologiyanı almaq yox, insan resursunu hazırlamaqdır. Server qurmaq olar, proqram almaq olar, amma AI ilə işləyən mütəxəssisi yetişdirmək isə vaxt tələb edir. Ona görə əsas prioritetlərdən biri təhsil, praktik təlim proqramları və gənclərin bu sahəyə yönləndirilməsidir. Paralel olaraq AI harada istifadə oluna bilər, harada insan qərarı əsas olmalıdır, şəxsi məlumatlar necə qorunacaq kimi etik çərçivələr də formalaşmalıdır".
Gövhər Mehyəddinova
