Şura Katibliyinin əməkdaşları Polşa QHT-ləri ilə görüşlər keçirib
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant müsabiqəsi çərçivəsində Şura Katibliyinin əməkdaşları Polşada səfərdədirlər.
Şuranın mətbuat xidmətindən verilən məlumata görə, beynəlxalq əlaqələr departamentinin məsləhətçiləri İlqar Dadaşov, Həsən Abdullayev, habelə departamentin eksperti Toğrul Məmmədli Şuranın dəstəyi ilə “Parnas” təşkilatı tərəfindən icra olunan “Azərbaycan – Şərqin Avropa cazibəsi” layihəsi çərçivəsində bir sıra görüşlərdə iştirak ediblər.
Polşanın aparıcı QHT-lərindən olan Şərq Araşdırmaları üzrə İnstitutun Cənubi Qafqaz və Mərkəzi Asiya regionları üzrə koordinatoru cənab Mikolaş Tauber təmsil etdiyi təşkilatın fəaliyyəti haqqında geniş məlumat verib. M. Tauber Şərq Araşdırmaları üzrə İnstitutun Avropada ən böyük iqtisadi forumlardan birinin təşkilatçısı olduğunu deyib. Müxtəlif ölkələrdən 1000-ə yaxın şəxsin qatıldığı bu nüfuzlu toplantıda Polşa prezidenti, Avropa Komissiyasının rəhbəri və digər yüksək vəzifəli şəxslərin mərzulərlə çıxış edirlər. Forumun əsas istiqaməti iqtisadi imkanların müzakirəsi olsa da, tədbir çərçivəsində vətəndaş cəmiyyəti nümayəndələrinin görüşləri də baş tutur. Cənab Tauber görüşdə Azərbaycan-Polşa, Azərbaycan-Avropa Birliyi forumlarının təşkili ilə bağlı təkliflərini səsləndirib.
Nümayəndə heyətinin üzvləri Azərbaycanın Polşadakı səfirliyində ölkəmizin fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənovla da görüşüblər. Səfir Həsən Həsənov Şuranın fəaliyyətini yüksək qiymətləndirərək Polşa QHT-ləri ilə əməkdaşlığa dair fikir və təkliflərini səsləndirib.
Varşava Ticarət və İqtisadiyyat Universitetində keçirilən görüşdə rektor doktor İvona Prjiçoka Universitetinin beynəlxalq tərəfdaşları ilə uğurlu əməkdaşlığından və həyata keçirdikləri birgə layihələrdən danışıb.
Şura Katibliyinin əməkdaşları həmçinin Polşada təhsil sahəsində fəaliyyət göstərən fəal QHT-lərdən olan Təhsil Sisteminin İnkişafı Fondu, eləcə də Avropa, Şimal, Şərq Beynəlxalq Assosiasiyasının rəhbərləri ilə də görüş keçirib.
Qeyd edək ki, oktyabrın 29-da Varşava Universitetində Şuranın dəstəyi ilə həyata keçirilən layihənin yekunlarına dair konfrans təşkil olunacaq.
