“Suriyanın İsraillə münaqişə axtarmaq kimi marağı yoxdur” - ŞƏRH
Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa İsraillə münaqişənin ölkəsinin maraqlarına uyğun olmadığını bildirib. O, “Əl-Cəzirə” telekanalına müsahibəsində Dəməşqin dost ölkələrin dəstəyi ilə İsraillə təhlükəsizlik sahəsində razılaşmanın əldə olunması istiqamətində çalışdığını deyib. Bununla yanaşı, Əl Şaraa Suriyanın Colan təpələri üzərindəki hüquqlarından geri çəkilməyəcəyini vurğulayıb.
Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Suriyanın İsraillə yeni qarşıdurmada maraqlı olması ölkənin milli maraqlarına uyğun deyil. Dəməşqin İsrailə qarşı ərazi iddiaları yoxdur, əksinə, iki ölkə arasında uzun illərdir davam edən münaqişənin əsas səbəbi İsrailin siyasətidir:
“Aydın məsələdir ki, İsraillə potensial münaqişə Suriyanın maraqlarına uyğun deyil. Çünki Suriyanın İsrailə qarşı hər hansı əsassız iddiası, tələbi və ya ərazi iddiası yoxdur. İsraillə Suriya arasında 1948-ci ildən bəri davam edən ciddi və dərin münaqişənin əsas səbəbi Suriya deyil, İsraildir. İsrailin Colan təpələrini işğal etməsi iki ölkə arasında gərginliyin əsas mənbəyidir və bu səbəb aradan qaldırılmadan münasibətlərdə sabitlik mümkün deyil. Suriya-İsrail münaqişəli vəziyyətinin məsuliyyəti tam şəkildə İsrailin üzərindədir. Suriyanın İsraillə münaqişə axtarmaq kimi həqiqətən bir marağı yoxdur”.
Ekspert vurğulayıb ki, Suriyanın işğal altında olan Colan təpələri və Harmon dağını geri qaytarmaq uğrunda mübarizəsi münaqişə yaratmaq cəhdi kimi qiymətləndirilməməlidir:
“Əgər Suriya özünün işğal olunmuş ərazilərini - Colan təpələrini və Harmon dağını geri almaq uğrunda mübarizə aparmasa, bu, onun suverenliyinə və dövlət nüfuzuna xələl gətirə bilər. Bu mübarizə heç bir halda İsraillə yeni münaqişə yaratmaq cəhdi kimi görünməməlidir. ABŞ Prezidenti Donald Trampın Livanda sülhün təmin olunması məqsədilə Suriya qoşunlarının bu ölkəyə cəlb edilməsi ilə bağlı təşəbbüsü də regionda yeni qarşıdurma riski yarada bilərdi. Bu, əslində, Suriya ilə İsrail arasında yeni münaqişənin əsasını qoya bilərdi. Lakin Suriya rəhbərliyi Trampın bu təklifini birmənalı şəkildə rədd edib. Nə qədər ki, Suriyanın ərazi bütövlüyü təmin olunmayıb, Suriya-İsrail münasibətlərində təhlükəsizlik mühiti bərpa oluna bilməz. İsrail bu günə qədər işğal etdiyi ərazilərdən çıxmağa hazır olduğunu bəyan etməyib. İsrail açıq şəkildə bildirib ki, Colan təpələri və Harmon dağı həm öz təhlükəsizliyinin təminatı, həm də həmin ərazilərdə yaşayan druzların müdafiəsi baxımından strateji əhəmiyyət daşıyır”.
Fatimə Hüseynli