Susmaq bu dəfə qızıl deyil!
Bir neçə ay əvvəl bəzi xəbər kanallarında, sosial şəbəkələrdə belə bir video paylaşılırdı: “Bakıda qaynata gəlinin dərisini soydu ”
Həmin bu qaynatanın məsələ ilə bağlı şok ifadəsi də yayılmışdı: “Qulağını kəsdim, dərisini soydum, gözlərini çıxartdım”.
Yaşadığımız ölkədə belə potensial soyuqqanlı qatillərin cəmiyyət arasında bu yaşına kimi yaşamağı məni qorxudur. Ona görə ki, həmin “kişi” kimi onlarla insanla üz-üzə gəlirik. Avrobusda, metroda görəndə “qoca babadır, yer verim, yaşlı adamdır” deyə düşünüb yorulmasınlar deyə yer veririk. Bəli, həmin o potensial qatillərə.
Mən o qaynatanın ifadəsinə video formatında baxanda, həqiqətən, qanım donmuş kimi hiss etmişdim. Elə rahat danışırdı. Elə rahat başa salırdı necə doğradığın, hara tulladığın, qanını necə təmizlədiyin, onurğa sümüyünü qırmaq üçün “Ay Allah, necə qırım bu sümüyü” deyə Allahdan necə yardım istədiyini.
İndi sizə ən təəccüblü məqamı çatdırım? Bilirsiniz, həmin bu qaynata niyə belə bir hadisə törədib?
Bir çox insan “Gəlin gör nə həddə çatdırıb ki, qaynatası onu belə cəzalandırıb”, “Əcəb olub, ölünməli hərəkət edib ki öldürüb”, “Yəqin gəlinin bir səhvi olub” deyə düşünür.
Belə düşünənlər zəhmət olmasa elə indicə bu yazını oxumağı yarımçıq buraxsınlar.
Birincisi heç bir insan Allahın verdiyi canı ala bilməz! İkincisi də ki, heç bir səbəb o kişinin belə bir hadisə törətməyinə səbəb kimi də göstərilə bilməz!
Gəlinin yeməyi vaxtında bişirməməsi, paltar qatlayn zaman əhvalı yaxşı olmadığına görə kobud cavab verməsi qaynatanın işlədiyi cinayətə səbəb kimi göstərilib. Bəli, bu qədər “sadədir” insanın canını almaq. Nə də olmasa “kişidir” Beyni çönə bilər, xoş söz eşitməyəndə. Qadının “haqqı yoxdur” əhvalının pis olmağına. Onu bezdirən “kişilərə” səbirsiz və ya kobud cavab verməyə “haqqı yoxdur”.
Qadın ancaq “susmalıdır”.
"Ailəm dağılmasın", "Eybi yox, buna da dözərəm", "Qoy, bu dəfə susum. Bəlkə sussam məni döyməz" kimi düşüncədədir. Elə bu düşüncədə olan qadınlar danışmağa başlayanda dərisi soyulan gəlin kimi cinayətə qurban gedirlər.
Qadın susduqca bundan sui-istifadə edənlər də artır. Qadının susmağını razılıq əlaməti kimi qəbul edirlər. Daha bilmirlər ki, qadın danışsa, bütün dünya səsinə səs verəcək. Susdura bilməyəcəklər. Susmayacağıq bundan sonra. Yaşamaq üçün susmaq məcburiyyətində deyilik!
Leyla Məmmədova
